Avropa çempionu olan millimiz vətənə qayıdıb

 

“İNFONEWS.AZ”  xəbər verir.

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən U-15 Avropa çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.

4 qızıl, 3 gümüş və 5 bürünc medalla komanda hesabında Avropa çempionu olan yığmamızı Heydər Əliyev adına Beynəlxalq Aeroportda Güləş Federasiyasının və Gənclər və İdman Nazirliyinin rəsmiləri, məşqçilər və idmançıların ailə üzvləri qarşılayıb.

Əbilfət Məmmədov, milli komandanın böyük məşqçisi:
“Yarışda iştirak edən 13 idmançımızdan 12-si medal qazandı. Komanda hesabında 205 xalla 1-ci yeri tutduq. Bu uğurun səbəbi bizə göstərilən qayğıdır. İdmançılar və məşqçilər adından federasiya rəhbərliyinə minnətdarlığımızı bildiririk. Avropa çempionatına çox yaxşı hazırlaşmış, təlim-məşq toplanışları yüksək səviyyədə keçmişdi. Şükür Allaha, nəticələrimiz də yaxşı oldu. Planlaşdırdığımız nəticəni əldə etdik. Ancaq 1 qızıl artıq qazana bilərdik”.

Turan Daşdəmirov, Avropa çempionu:
“Məşqçilərimizə, üzərimizdə əziyyəti hər kəsə minnətdarlığımı bildirirəm. İnşallah, gələcəkdə də Avropa və dünya çempionu olmaq istəyirəm”

Yusif Əhmədli, Avropa çempionu:
“Yarışda 5 görüş keçirdim. Güclü rəqiblərlə qarşılaşdım. Finalda 0:1 hesabıyla geridə idim. Ancaq daha sonra bolqar rəqibimə “tuşe” ilə qalib gəldim. Bundan sonra hədəfim dünya çempionu olmaqdır”.

Xatırladaq ki, Əli Sucayev (38 kq), Turan Daşdəmirov (41 kq), Yusif Əhmədli (57 kq) və Emil Abdullayev (62 kq) qızıl, Səyyad Nağızadə (48 kq), Ayxan Cavadov (52 kq) və Orxan Hacıyev (75 kq) gümüş, Əli Nəzərov (41 kq), Əmrah Əmrahov (44 kq), Cavad Məmmədov (62 kq), Elnur Hüseynov (68 kq) və Mikayıl İsmayılov (85 kq) isə bürünc medal qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir