Şagirdlərimiz beynəlxalq olimpiadadan 31 qızıl medalla döndü
Beynəlxalq STEM olimpiadasının Grand Finalı 19-24 iyulda Almaniyanın Frankfurt şəhərində keçirilib.
“İNFONEWS” xəbər verir ki, 14 ölkənin təmsil olunduğu, 285 şagirdin mübarizəyə qatıldığı Grand Finalda Azərbaycandan 8 komanda rəhbəri və 58 şagird iştirak edib. Olimpiada “Riyaziyyat”, “Təbiət Elmləri” və “Kompüter – Kodlaşdırma” adlı 3 kateqoriya üzrə keçirilib. Komandalarımız ümumilikdə 31 qızıl, 23 gümüş, 31 bürünc, 16 həvəsləndirici medal qazanıblar.
Olimpiadanın əvvəlki mərhələləri onlayn platforma üzərində həyata keçirilib. Əvvəlcə ölkə mərhələsi, daha sonra final mərhələsi baş tutub. Onlayn qaydada baş tutan dünya finalında 93 ölkədən 7695 şagird mübarizə aparıb. Finalda həm sinif , həm də kateqoriya üzrə nailiyyət əldə etmək mümkün idi. Kateqoriya üzrə dünyada ilk 3 yeri qazanan şagirdlər Frankfurtda təşkil olunan Grand Final mərhələsində iştirak etmək üçün endirimlər əldə ediblər.
İştirakçılar Giesen şəhərindəki məşhur Matematicum Elm Mərkəzində və Hailbronn şəhərindəki Experimenta Elm Mərkəzində olublar. Buradakı elmi tədqiqat və təcrübə proqramları ilə tanış olmaq imkanı əldə ediblər. Final turu və mükafatlandırma mərasimi isə Avropanın və dünyanın məşhur ali təhsil müəssisələrindən olan Goethe Universitetində həyata keçirib. Sevindirici haldır ki, komandamız 3 fərqli kateqoriyada və fərqli siniflər üzrə Vətənə böyük nailiyyətlərlə döndüb. Qızıl medal qazananlar arasında “Best of Best” naminasiyasında şagirdlərimiz 3 dəfə 3-cü, 5 dəfə 2-ci, 6 dəfə 1-ci olaraq adlarını ən güclülər sırasına yaza biliblər.