“Bəşəriyyətin ortaq dəyəri – Qobustan” sənədli filminin TƏQDİMATI
Bu gün “Park inn Hotel Baku”da Qobustan Milli Tarix-Bədii Qoruğunun sifarişi ilə ərsəyə gələn “Bəşəriyyətin ortaq dəyəri – Qobustan” sənədli filminin və “Qobustan – Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi keçirilib.
“İNFONEWS” xəbər verir ki, təqdimat mərasimində çıxış edən Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev sənədli filmlə haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, ölkəmizi dünyada bəşər mədəniyyətinin ilk məskənlərindən biri kimi təqdim edən Qobustan abidələrinin öyrənilməsi Qobustan Milli Tarix-Bədii Qoruğunun əsas fəaliyyət istiqamətlərindən biridir. Elmi-tədqiqat müəssisəsi kimi qoruqda yerli və xarici mütəxəssislərin iştirakı ilə mütəmadi tədqiqatlar və arxeoloji işlər aparılır. Bununla yanaşı qoruq elmi-tədqiqat işlərinin nəticələri barədə ictimaiyyətin məlumatlandırılması işini də diqqətdə saxlayır: “2016-cı ildə Qobustan qoruğunda “Qobustan qayaüstü incəsənətinin rəqəmsal məlumat bazasının yaradılması” layihəsinə başlanılıb. Müasir metodlar tətbiq etməklə Qobustan qayaüstü təsvirlərini yenidən sənədləşdirmək, qayaüstü təsvirlərinin rəqəmsal məlumat bazasını və yeni kataloqunu yaratmaq məqsədi daşıyan layihədə sənədləşdirilmiş materialların elmi, həmçinin menecment məqsədləri üçün istifadəsi nəzərdə tutulub. Layihə çərçivəsində Qobustanda ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunub. Həmçinin 3 illik tədqiqatın nəticəsi olaraq Cingirdağ-Yazılıtəpə ərazisində 169 təsvirli daşda (tədqiqata qədər 151 idi) 1347 (tədqiqata qədər 877 idi) qayaüstü təsvir, işarə, dəlmə və çapma sənədləşdirilərək qeydiyyata alınıb.
Tədqiqat layihəsinin ilkin nəticələri “Qobustan – Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqda əksini tapıb. Qobustan Milli Tarix-Bədii Qoruğu həmçinin Qobustan abidələrinin ölkə və beynəlxalq səviyyədə təbliği işini də bütün mümkün imkan və vasitələrlə davam etdirir. Bu məqsədlə mütəmadi tədbirlər həyata keçirən qoruğun bu istiqamətdə təqdim etdiyi yeni layihə “Bəşəriyyətin ortaq dəyəri – Qobustan” sənədli filmidir. Qobustan Milli Tarix-Bədii Qoruğunu sifarişi ilə ərsəyə gələn film Qobustan abidələrindən, burada aparılan elmi-tədqiqat işlərindən bəhs edir”.
Mədəniyyət naziri Anar Kərimov bildirib ki, 2007-ci ildə Qobustan Qaya Sənəti Mədəni Landşaftı UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Qobustan qayaüstü rəsmləri böyük tədqiqatlar üçün əhəmiyyətli abidədir: “Ölkəmizi dünyada bəşər mədəniyyətinin ilk məskənlərindən biri kimi təqdim edən Qobustan abidələrinin öyrənilməsi Qobustan Milli Tarix-Bədii Qoruğunun əsas fəaliyyət istiqamətlərindən biridir”.
Sonra tədbir iştirakçıları “Bəşəriyyətin ortaq dəyəri – Qobustan” sənədli filmini izləyiblər.