Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun tikintisi yekunlaşır
Dövlətimizin başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisidir.
“İNFONEWS” -un Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən əldə etdiyi məlumatına görə, aparılan tikinti işləri yekunlaşmaq üzrədir. Hazırda layihə üzrə işlər son yekunlaşdırma mərhələsindədir.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq torpaq işləri bitən ərazilərdə yol geyimi inşa edilir, asfalt-beton örtüyü döşənir, yol çiyinləri bərkidilir. Asfaltlanma işləri yekunlaşan hissələrdə isə artıq üfüqi nişanlanma xətləri çəkilir, zəruri yerlərdə yol nişanları və mühafizə səddi (əyri-xətli dəmir tirlər, monolit dəmir-beton) quraşdırılır.
Çətin relyefə malik ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif süni qurğuların tikintisi də icra olunub. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru, 36 yerdə müxtəlif diametrli plastik boru quraşdırılıb, uzunluğu 149,5 metr, eni 13,5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa edilib.
Avtomobil yolunun tikintisi zamanı 7,3 milyon kubmetr həcmində qazma-tökmə işləri, 1,3 milyon kubmetr həcmində qaya partlatma işləri yerinə yetirilib.
Bütün inşaat işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla AAYDA-nın rəhbərliyinin nəzarəti altında həyata keçirilir.
Yeni avtomobil yolu layihəsinin yaxın günlərdə yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Qeyd edilib ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb.
Yolun ümumi uzunluğu 32 kilometr təşkil edir (onun 10 kilometri Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun layihələndirilib.
Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10,5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2×2,5 (5 metr) metr təşkil edir.