Zelenski Azərbaycan-Ermənistan münaqişəsinin səbəbindən danışıb
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan-Ermənistan münaqişəsinin baş verməsinin mümkün səbəbindən danışıb.
İNFONEWS-un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında bildirib.
“Əvvəlcə – Balkan yarımadası ölkələri, sonra – Tayvan, indi bəlkə də Cənubi Qafqaz… Bütün bu situasiyalar fərqli görünür, baxmayaraq ki, onları bir amil birləşdirir, yəni: qlobal təhlükəsizlik arxitekturası işləmədi. Əgər qlobal təhlükəsizlik arxitekturası işləsəydi, bütün münaqişələr olmazdı”, – dövlət başçısı vurğulayıb.
O qeyd edib ki, hazırda informasiya məkanında dünyada münaqişəli vəziyyətlər və təhlükələrlə bağlı çoxlu mesajlar verilir.
“Dünyada, xüsusən də Balkan yarımadasında və Tayvanda münaqişəli vəziyyətlər qeyri-effektiv qlobal təhlükəsizlik arxitekturasına görə yaranır. Dünya elə bir model hazırlamalıdır ki, heç bir ölkənin başqa dövlətə qarşı aqressivlik nümayiş etdirməyəcəyinə zəmanət verilsin”, – Zelenski qeyd edib.
Ukrayna lideri əlavə edib ki, Ukrayna təkcə Rusiyanın tammiqyaslı təcavüzü başlayandan deyil, artıq illərdir ki, təhlükəsizlik məsələlərinə diqqət yetirir: “Rusiya beynəlxalq hüquqa, bəşəriyyətin maraqlarına tamamilə məhəl qoymayandan bu günədək”.
Prezident qeyd edib ki, Rusiya ilə mübarizədə 2014-cü il dönüş ili olub.
“O vaxt Krım, Donbas, Malayziyanın vurulan təyyarəsi ilə bağlı tamamilə aşkar vəziyyətlərdə Rusiya dərhal və nəzərəçarpacaq məsuliyyətdən yayındı – dünya ilə işgüzar və siyasi əlaqələri saxladı. İndi də qlobal münasibətlərdə çoxları inanır ki, onlar buna nail olacaqlar”, – Ukrayna lideri vurğulayıb.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır