V İslam Həmrəyliyi Oyunları – Nurlana Məmmədzadədən AÇIQLAMA
Avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 4 gimnastika növü üzrə yarışlarda təmsil olunacaq. Bura bədii gimnastika, aerobika gimnastikası, kişi və qadın idman gimnastikası daxildir
“İNFONEWS” xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə jurnalistlərə müsahibəsində deyib.
Avqustun 5-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yığma komandamızın İslam Həmrəyliyi Oyunlarına hazırlığı ilə bağlı sonuncu yoxlama məşqi keçirdiyini vurğulayan baş katib deyib: “2017-ci ildə Bakıda təşkil olunan analoji yarışda gimnastlarımız uğurlu çıxışları ilə yadda qalmışdı. Bakıdakı yarışdan fərqli olaraq Konyada təşkil olunacaq İslamiadada qrup hərəkətləri komandası da proqrama əlavə olunub. Daha bir fərq isə aerobika gimnastikası olacaq ki, bu növdə ilk dəfə qaliblər müəyyənləşəcək”.
Qadın idman gimnastlarımızın V İslam Həmrəyliyi Oyunlarından əvvəl Almaniyada keçiriləcək Avropa çempionatında gücünü sınayacaqlarını qeyd edən N.Məmmədzadə qeyd edib ki, həmin heyət Almaniyadan birbaşa Türkiyəyə yollanacaq. Kişi idman gimnastlarımız isə bu gün Konyaya yola düşüblər. Onlar isə Konyada çıxışlarını başa vurduqdan sonra Almaniyaya gedəcəklər.
V İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə fərdi yarışlarda Zöhrə Ağamirova, İlona Zeynalova və Alina Gözəlova medallar uğrunda mübarizə aparacaqlar. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız da İslamiadada gücünü sınayacaq. Mötəbər turnirin aerobika gimnastikası yarışlarında Vladimir Dolmatov və Mədinə Mustafayeva fərdi proqram ilə yanaşı, qarışıq cütlük kateqoriyasında da çıxış edəcəklər. M.Mustafayeva, V.Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında da mübarizə aparacaqlar. Qadın idman gimnastikası yarışlarında Milana Minakovskaya, Samirə Qəhrəmanova, kişi idman gimnastikasında isə İvan Tixonov, Mənsum Səfərov və Nikita Simonov Azərbaycanın idman şərəfini qoruyacaqlar.
Qeyd edək ki, “Konya-2021”də bədii gimnastika üzrə yarışlar avqustun 13-14-də, idman gimnastikası ayın 10-11-də və 17-18-də, aerobika isə 13-14-də keçiriləcək.