“Şuşadan doymadan qayıtdım. Amma yeni arzum İrəvanı görməkdir”
Bakı – Şuşa – Bakı marşrutu üzrə təşkil edilən avtobus turları fəaliyyətinə davam edir. Hər həftə vətəndaşlar Şuşa şəhərinə ziyarət edir, illərlə həsrətində olduqları doğma Şuşamızı qarış-qarış gəzirlər.
Şuşa səfərindən yenicə dönmüş ziyarətçilərdən olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə İşləri Mərkəzinin böyük mütəxəssisi Əsli Qasımova öz təəssüratlarını “İNFONEWS” ilə bölüşüb. Həmsöhbətimiz Şuşanın aurasının bir başqa olduğunu, burada güllərin belə fərqli, daha rəngarəng, daha ətirli qoxumasından danışıb.
“Bu gün tarixdə ən böyük istəyimin əmələ çevrilməsinin sevincini yaşayıram. Həmişə dünyanın bir çox yerini görmək arzusunda olmuşam. 2018-ci ildən bəri isə o bir çox dediyim yer tək Şuşa ilə əvəz olundu. 2018-ci ildə Heydər Əliyev adına hava limanında bir jurnalda Cıdır düzünün şəklini gördüm. Şəkildən gözümü çəkə bilmirdim. Anama göstərdiyimdə “Cıdır düzüdür, təzə gəlin olan vaxt mən orda olmuşam” – dedi. Düzünü deyim ki, anama paxıllıq etdim, gözlərim doldu. Mən heç vaxt oranı görməyəcəkdim. Arzusunda olduğum digər hər yeri görmə ehtimalım var idi, amma oranı yox. Çünki ora düşmən işğalında idi. O gündən bəri ən böyük arzum həyatımda bir dəfə də olsun oranı görmək idi.
Üstündən 2 il keçdi, arzuma qovuşdum.
Şuşa qanla alındı. Müzəffər ordumuz, Şəhidlərimiz, Qazilərimiz tarix yazdı. Ali Baş Komandan Şuşanın azad olduğunu bildirəndə hönkürdüm.
Şuşaya ilk dəfə daxil olanda da ağladım. Şükürlər olsun, Şuşanı artıq 2 dəfə görmüşəm. Şuşa yazda ayrı gözəldir, yayda ayrı. Havası, suyu, təbiəti gözəlliyi məlumdur, dillərə dastandır. Şuşada olan hər bir kəsin fikri eynidir. Hamı təkrar-təkrar oraya qayıtmaq istəyir. Heç kim Şuşadan doymaq bilmir. Bu möhtəşəm şəhərdən danışanda belə, mənim ona sadəcə Şuşa deməyə dilim gəlmir – “GÖZƏL ŞUŞA” deyirəm. Bəli, məncə, Şuşanı hər birimiz əzizlənməliyik.
Şuşa haqqında ən əsas təəssüratım isə, sanki Şuşanın heç zaman ermənilərdə olmaması hissimdir. Elə bil Şuşa erməni murdarlığına bulaşmayıb, onu kirlətməyiblər. Bizə məxsusluğunu həmişə saxlayıb.
Şuşaya bu səfərimdə Vaqif məqbərəsinin həyətindəki qızıl güllərin ətrini içimə çəkdim. Boynuma alıram, heç vaxt gül həvəskarı olmamışam. Amma o həyətdəki güllərin ətrini ciyərlərimə, şəklini telefonuma çəkdim.
Bu dəfə də Gözəl Şuşadan doymadan qayıtdım. Yeni ziyarətlərimi səbirsizliklə gözləyirəm.
Onu da deyim ki, artıq yeni bir arzum var – İrəvanı görmək…
Rövşən Abdullaoğlu demişkən, “Arzular, yalnız istək əmələ çevriləndə gerçəkləşir” – Əsli Qasımova.