Lökbatanda vulkan püskürməsi baş verib – AÇIQLAMA
Bu gün Bakı vaxtı ilə saat 09:36-da Lökbatanda palçıq vulkanı püskürüb. Palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5 dəqiqə 12 saniyə, püskürmə zamanı ayrılan seysmik enerjisi Е=0.6×107 təyin olunub.
Lökbatanda püskürən vulkan Qobu, Nardaran, Qala, Qobustan, Şirvan və Qusar seysmik stansiyalarında qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
“İNFONEWS” – un Azərbaycan Milli Elmlər Akdemiyasının Geologiya və Geofizika İnstitutundan əldə etdiyi məlumatında isə bildirilir ki, gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb. “Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb. Məlumat üçün bildiririk ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib”.