Prezidentlə görüşən idmançılar fikirlərini BÖLÜŞDÜLƏR
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları başa çatıb. Azərbaycan yarışı 99 medalla bitirib və 4-cü pillədəki mövqeyini qoruyub. Yarış ərzində Azərbaycan idmançıları 29 qızıl, 36 gümüş və 34 bürünc əyarlı medallar qazanıblar. İlk 3 sırada medal əyarında müvafiq olaraq, Türkiyə, Özbəkistan və İran qərarlaşıb. Sonrakı yerləri Azərbaycan və Qazaxıstan tamamlayıb. İndiyədək ümumilikdə 56 ölkədən 44-ü medal qazana bilib. Cənab prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva Konayda keçirilən İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan idmançılarla görüşüb.
“İNFONEWS” xəbər verir ki, görüş zamanı cənab Prezident onları təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Prezidentlə keçirilən görüşdə iştirak edən idmançılar arasında sorğunu təqdim edirik.
Yunan-Roma Güləşi üzrə qızıl medal qazanan Rafiq Hüseynov: “Cənab Prezidentlə görüş biz idmançılara hər zaman xoş təsir bağışlayır. Həmçinin, bu kimi görüşlər bizim işimizə daha məsuliyyətli yanaşmağımıza, eyni zamanda, uğur qazanmağımıza yardımçı olur. Çünki biz idmançılar hiss edirik ki, Prezidentimiz bizə nə dərəcədə diqqət ayırır, biz də bunun qarşılığı olaraq ölkəyə qələbə qazandırmalıyıq. Mən İslam Oyunlarından öncə cənab Prezidentlə görüş zamanı vurğulamışdım ki, sizinlə görüşmək bizə böyük bir ruh yüksəkliyi verir. Bu ruh yüksəkliyi də yarışda özünü göstərdi. Bizim idmançılarımız məhz bu səbəbdən ölkəmizə 99 medalla qayıtdılar. Təbii ki, qızıl medal qazananlar sırasında mən də varam. Mən və eyni zamanda komanda yoldaşlarım başa düşürdü ki, dövlətimizin adını uca etmək və uğur qazanmaq üçün əlimizdən gələni etməliyik. Əlbəttə ki, biz bunu öz nəticələrimizlə sübut edib, bir daha bütün dünyaya öz gücümüzü göstərdik. İslam Oyunları qardaş Türkiyədə keçirilirdi. Bu yarışda təbii olaraq, əsas hədəfimiz birinci yerə çıxmaq idi. Lakin elə alındı ki, biz 4-cü yerlə kifayətləndik. Fikrimcə, bu, böyük nəticədir. Çünki İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən çıxış edən idmançılar var idi. Konyada təşkil olunmuş bu yarışlarda əməyi və əziyyəti keçən bütün təşkilatçılara da öz təşəkkürlərimizi bildiririk. Gənclər və İdman Nazirliyi də bizim yaxşı çıxış etməyimiz üçün çox dəstək oldular. Şəxsən Fərid Qayıbovun özü oyunlarda daim bizim yanımızda oldu və bizi tək qoymaraq, problemlərimizlə maraqlanırdı”.
Yunan-Roma güləşi üzrə qızıl medal qazanan Həsrət Cəfərov: “Cənab Prezident Konyada keçirilən İslam Həmrəyliyi Oyunları zamanı da bizimlə görüşmüşdür. Həmin görüş zamanı da Ali Baş Komandan qeyd etmişdi ki, sizin üzərinizə daha da böyük məsuliyyət düşür. Çünki siz qalib ölkəni təmsil edirsiniz. Təbii ki, oyunlardan öncə cənab Prezidentin diqqət və qayğısını hiss etmək bizə böyük stimul verir. İslam Həmrəyliyi Oyunları zamanı da çalışırdıq ki, qızıl medal qazanaraq, bayrağımızı qaldıraraq, himnimizi səsləndirək. Çox şükürlər olsun ki, belə də oldu. Bu gün də cənab Prezident bizi bir daha qəbul etdi. Bu, bizim üçün qürurverici bir hissdir. Cənab Prezident görüş zamanı oyunları izlədiyini və hakim haqsızlığına şahid olduğunu bildirdi. Həqiqətən də hakim haqsızlığı çox idi. Mənə qarşı da hakimlər haqsızlıq edirdilər. Lakin bütün bunlara baxmayaraq mən yenə də qalib oldum və qızıl medal qazandım. Görüş bitəndən sonra da cənab Prezident mənə yaxınlaşaraq, çıxışımı izlədiyini bildirdi və məni təbrik etdi. Təbii ki, bu, mənim üçün çox xoş oldu ki, ölkə başçısı şəxsən məni özü təbrik etdi”.
Sərbəst güləş üzrə Avropa çempionu Əliabbas Rzazadə: “Cənab Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan idmançılarla görüşdü. Ölkə başçısının idmançılara göstərdiyi diqqət və qayğı göz önündədir. İlham Əliyev bizimlə yarışdan öncə də görüşmüşdür. O zaman da Prezident bizə inandığını və qələbə qazanacağımıza inandığını bildirdi. Şükürlər olsun ki, biz cənab Prezidentin ümidlərini doğrultduq. Sərbəst güləş üzrə 8 qızıl, 8 gümüş və 7 bürünc medal qazandıq. Çox sevinirəm ki, komandanın qələbə qazanmasında mənim də payım var. Mənim əsas məqsədim qızıl medal qazanmaq idi. Bundan öncə İtaliyanın paytaxtı olan Romada keçirilən yarışda da qalib olmuşdum. İslam Həmrəyliyi Oyunları mənim üçün yaddaqalan oldu. Qarşıdan bizi Dünya Çempionatı gözləyir. Bilirəm ki, Dünya Çempionatında uğurlar əldə edəcəyik. Bütün medal qazanan idmançıları təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirəm”.
Yunan-Roma güləşi üzrə qızıl medal qazanan Eldəniz Əzizli: “Bizim üçün Konyada keçirilən V İslam Həmrəyliyi Oyunları önəmli yarışlardan biridir. Əsas hədəfimiz qızıl medal qazanmaq idi. Allaha şükürlər olsun ki, komanda yoldaşlarım çempion oldu. Yekunda komanda hesabında güləş üzrə ən yaxşı komanda Azərbaycan seçildi. Təbii ki, bu, insana böyük qürur verir. Ümumu yarış səviyyəsi çox yaxşı idi. Başda cənab Prezident İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Ali Baş Komandan hər zaman olduğu kimi, bizi tək qoymadı və öz diqqətini, qayğısını hiss etdirdi. Gənclər və İdman naziri Fərid Qayıbova, eyni zaman bütün nazirliyin kollektivinə təşəkkürlərimi bildirirəm. Bizim orada yaxşı çıxış etməyimiz üçün əllərindən gələni edirdilər. Bu gün də Cənab Prezident və ölkənin birinci xanımı Mehriban Əliyeva İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan idmançılarla görüşdü. Təbii ki, cənab Prezidentin idmana göstərdiyi diqqət və qayğı hər kəsə məlumdur. Biz oyun öncəsi və qələbə sonrası ölkə baçısı ilə görüşdüyümüz zaman böyük qürur hissi keçiririk”.