“Futbolçularımı təbrik edirəm. Çox vacib olan 3 xalı qazandıq. Oyunda yaxşı sürət və dinamika gördüm”.
“İNFONEWS” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə “Şamaxı”ya 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın IV tur oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis ilk hissənin bir az çətin keçdiyini bildirib: “Hər futbolçu üçün təcrübə toplamaq çox lazımdır. Cavid Hüseynova və “Şamaxı”ya uğurlar arzulayıram. Yerli futbolçulara şans verirlər”.
Qurbanov Avropa Liqasındakı təqvimləri barədə danışıb: “Bunları normal qarşılayıram. Sonda hər rəqiblə oynamalıyıq. Artıq futbol elə səviyyəyə çatıb ki, ev və ya səfər matçı bir o qədər də seçilmir. Oyunçular daha çox təcrübə toplayıblar və azarkeşlərin səs-küyünə hazırdırlar”.
Təcrübəli baş məşqçi bütün turnirlərdə maksimum nəticə göstərmək istədiklərini vurğulayıb: “UEFA Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün şansımız var idi. Amma alınmadı və ruhdan düşmürük. UEFA Avropa Liqasında öz istədiklərimizi həyata keçirmək niyyətindəyik. Əvvəl də belə komandalara qarşı oynamışıq. Qrupdan çıxmaq üçün şansımız da var. Amma rəqiblər də iddialıdır. Bəlkə onlar da bizimlə düşdükləri üçün sevinirlər”.
Mütəxəssis komandadakı ab-hava haqqında fikirlərini bölüşüb: “Baş verənləri geridə qoymaq istəyirik. Çempionlar Liqasının pley-offunda “Viktoriya”ya uduzduğumuz üçün məyus olmuşuq. Futbolçular həmin matçdan sonra təsirləniblər. Bizim üçün hər matç sanki pley-off idi. Futbolçular qalib gəlmək üçün əziyyət çəkmişdilər. Amma yolun bir addımlığında dayandıq. Bu, futbolun yazılmamış qanunlarıdır. Bunu yaşamaq oyunçunu daha da böyüdür və inkişaf etdirir. Tez toparlanıb irəli baxmaq lazımdır”.