“İNFONEWS” xəbər verir.
BMT Baş Assambleyasının 21.12.2010-cu ildə qəbul etdiyi qətnaməyə əsasən, 30 avqust tarixi Beynəlxalq İtkin Düşənlər Günü kimi təsis olunmuşdur. Bu gün 2011-ci ildən etibarən dünyanın hər bir yerində itkin düşmüş insanların acı və faciəli taleyinə ehtiram, onların illərlə iztirab içində gözləri yollarda qalan yaxınlarına təsəlli vermək, dəstək olmaq məqsədilə qeyd edilir.
Ermənistanın uzun illər boyu əsassız ərazi iddiaları irəli sürməklə milli nifrət zəminində həyata keçirdiyi soyqırımı, deportasiya, etnik təmizləmə və işğalçılıq siyasətinin qurbanına çevrilmiş, bu səbəbdən itkin düşmüş 4 minə yaxın soydaşının taleyi hələ də məlum olmayan bir ölkənin Ombudsmanı olaraq, itkin düşmüş şəxslərin xatirəsini dərin ehtiramla yad edirəm. Eyni zamanda, beynəlxalq təşkilatlara bir daha müraciət edərək, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar əsir və itkin düşmüş, girov götürülmüş soydaşlarımızın taleyi barədə düzgün məlumatların verilməsində yardımçı olmağa çağırıram!