Payız əkin mövsümü ilə əlaqədar hazırlıqlara başlanılıb
Payız ağac əkini mövsümü ilə əlaqədar meşə fondu torpaqlarında hazırlıq işləri aparılır.
Məsələ ilə bağlı Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev “İNFONEWS”-a bildirib ki, payız əkin planına uyğun olaraq ölkə üzrə meşə fondu torpaqlarının açıq, seyrək ərazilərində 357 hektar sahədə artıq şumlama işləri görülüb.
“Eyni zamanda yanğına məruz qalmış ərazilərdə də meşəbərpa tədbirlərinin həyata keçirilməsi üçün hazırlıq işlərinə başlanılıb”.
Xidmət rəsmisi qeyd edib ki, payız əkin mövsümündə 1003 hektar sahədə hər bölgənin iqlim şəraitinə uyğun 800 mindən artıq meşəcinsli tingin əkilməsi, 50 tondan çox toxumun səpilməsi planlaşdırılır.
“Əkin işlərinin aparılması məqsədilə Meşələrin İnkişafı Xidmətinin tinglik sahələrində kifayət qədər müxtəlif növ tinglər yetişdirilib”.