“İNFONEWS” xəbər verir.
2020-ci ildə ümumilikdə 26004 cinayət qeydə alınıb ki, bu cinayətlərin 86,7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.
Bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov nazirlikdə keçirilən kollegiya iclasında bildirib.
Nazir qeyd edib ki, ölkəmizdə cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə davam etdirilib, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 8 fakt azalaraq 257 olub.
Bildirilib ki, 2019-cu illə müqayisədə ötən il qəsdən sağlamlığa az ağır zərərvurma, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, avtonəqliyyat vasitələrinin qaçırılması kimi cinayətlər azalıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 85,5 faizinin, eləcə də, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 310 cinayətin açılması təmin edilib.
Məruzəçi «102» Xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə 2.288 cinayətin «isti izlər»lə, eləcə də «Təhlükəsiz şəhər» sisteminin imkanları ilə 477 cinayətin açıldığını, axtarışda olan 94 avtomobilin saxlanıldığını vurğulayıb.
Nazir qeyd edib ki, hesabat ilində həyata keçirilən operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 161 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qanunsuz dövriyyədən 1 ton 873 kiloqram narkotik vasitə çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.