Abşeron Rayon Mərkəzi Xəstaxanasında nə baş verir?

Abşeron Rayon Mərkəzi Xəstaxanasında nə baş verir?

Abşeron rayon Mərkəzi Xəstəxanası ilə bağlı redaksiyamıza vətəndaş tərəfindən çəkilmiş videogörüntü daxil olub. 

“İNFONEWS” -a göndərilən videogörüntülərdən məlum olur ki, xəstəxananın daxilində vətəndaş izdihamı yaşanır. Videogörüntüləri təkrar-təkrar izləsək də, bu işə nəzarət edən, vətəndaşları yönəldən, karantin rejimi ilə əlaqədar ara məsafəsinin saxlanmasını tələb edən bir nəfər də olsun xəstəxana əməkdaşını görüntülərdə tapa bilmədik. Onu da qeyd edək ki, bu qədər növbə heç keçmişdə müharibə dövründəki çörək növbəsində də olmayıb.

Maraqlısı budur ki, ölkəmizdə nə vaxtdan karantin rejimi sona çatıb? Niyə vətəndaşları heç kim yönəltmir? Niyə xəstəxanada rəhbərlik tərəfindən növbəlilik şəraiti yaradılmır?

Bu sualları nə qədər özümüzdə araşdırsaq da hələlik cavab tapa bilməmişik. 

Bu Xırdalanda yeni tikilən Abşeron rayon Mərkəzi Xəstəxanasındakı vəziyyətdir. Nə növbə sistemi var, nə monitor var. Havalandırma işləmir. İnanın, adamın ürəyi sıxılır. Yüzlərlə insanın bir yerdə qaydasız toplanması, tər iyi, müxtəlif qoxular…. Tələbələrin sağlamlıq arayışı alması isə çətin bir məsələyə çevrilib. Xəstə-xəstəyə qarışıb. Tələbələrin qeydiyyatdan keçməsi üçün qoyulan zaman bitmək üzrə olsa da, hələ də tibbi arayış almaq sual altındadır. Xəstəxanada olmalı olan polislər belə yoxdur. Soruşuruq ki, hanı buranın havalandırma sistemi, niyə işləmir? Deyirlər bu işə baxan iki nəfərdir, biri məzuniyyətdədir, biri də gecə növbədən çıxıb gedib evə, yoxdur. Xəstəxanada pəncərə yoxdur, olanlar da açılmır. Baş həkimi də tapmaq olmur, ümumiyyətlə, inzibati əməkdaşlardan heç kim yoxdur. Bir sözlə, dərəbəylikdir. Bir qadının içəridə ürəyi gedib, halı pisləşib, həkimin xanıma yardım göstərməsi üçün otağa keçirə bilmirdilər. 

Bunları da “İNFONEWS”-a görüntüləri göndərən vətəndaş söylədi.

TƏBİB-dən isə sorğumuza cavab olaraq, “Vəziyyətdən xəbərdarıq, rəhbərlik sözügedən xəstəxanaya gedir, baxış keçirildikdən sonra məlumat veriləcək” – deyə, bildirildi.

Bildiyiniz kimi, müvafiq təhsil müəssisələrinə qəbul olmuş tələbələrdən Forma 86 deyə adlandırılan sağlamlıq haqqında arayış tələb olunur. Sözügedən prosesə sentyabr ayının 2-dən başlanılıb. Maraqlıdır, niyə dövlət tərəfindən yenicə təmir edilmiş yetərincə geniş infrastrukturlu bina ilə təmin edilmiş Abşeron rayon Mərkəzi Xəstəxanası bu prosesə indiyədək hazır deyil?

İnanırıq ki, tezliklə suallarımız cavablandırılacaqdır. Amma bir şeyi bilirik ki, vəziyyət belə davam etsə, həvəslə arayışını alıb, təhsil müəssisələrinə tələsən tələbələrin arzuları ürəklərində qalacaq  və yenidən evdə oturub kompüter arxasından müəllimləri dinləməli olacaqlar.

Abşeron Rayon Mərkəzi Xəstaxanasında nə baş verir?
Abşeron Rayon Mərkəzi Xəstaxanasında nə baş verir?

Mövzu diqqətimizdədir.

Qarşı tərəflərin mövqeyini işıqlandırmağa hər zaman hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir