“Onlar tarix yazdılar. Biz- yazarların borcu isə Şəhidlərimizin qəhrəmanlığını, əziz xatirələrini əsərlərimizdə yaşatmaq, ölməzliklərini onilliklərdən yüzilliklərə, yüzilliklərdən minilliklərə ötürməkdir”
Bunu “İNFONEWS” -a şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, hazırda ailəsi ilə Səudiyyə Ərəbistanında yaşayıb, fəaliyyət göstərən soydaşımız Mətanət Duyğulu Süleymanova yeni “ŞANLI TARİXİN YOLÇULARI” kitabının təqdimat öncəsi söyləyib.
“Səkkiz kitab müəllifiyəm. Bugünədək müxtəlif janrlarda əsərlərim bir çox nəşriyyatlarda işıq üzü görüb. Şəhidlərimizlə bağlı bu ilk kitabımdır. Azərbaycandan çox uzaqda yaşamağımızdan asılı olmayaraq, qəlbimiz xalqımızla birgə döyünür, əksər Şəhid ailələrini yaxından tanıyıram. Bu kitabım canları-qanları ilə tarix yazan Şəhidlərimizin ailələrinə verə biləcəyim töhfə, bəlkə də onlara bir təsəllidir” , – deyə Mətanət Duyğulu əlavə edib.
Qeyd edək ki, “ŞANLI TARİXİN YOLÇULARI” kitabının təqdimatı sentyabrın 10-da Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Badü-Kubə” sarayında saat 14:00-da keçiriləcəkdir.