8 sentyabr Ümumdünya Fizioterapiya Günüdür
1951-ci ilin sentyabrında dünya əhalisi arasında sağlamlığa qayğı və onun qorunması barədə məlumatlılıq səviyyəsini artırmaq məqsədilə Kopenhagendə Beynəlxalq Fizioterapiya Konfederasiyası yaradılıb.
“İNFONEWS” -un Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, 1996-cı ildə Ümumdünya Fiziki Terapiya Konfederasiyası həmin günün Ümumdünya Fizioterapiya Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib.
Fizioterapiya ağır xəstəliklərdən sonra orqanizmin bərpa prosesində mühüm rol oynayan, həmçinin müxtəlif xəstəliklərin kəskinləşməsindən qorunmağa kömək edən müalicə və profilaktika vasitəsidir. Ona görə də sağlamlıqla əlaqədar şikayət olmayanda da fizioterapevtə müraciət etmək mümkündür.
Fizioterapevtin əsas işi idman zamanı alınan və digər zədələrin sağaldılması ilə əlaqədardır. Lakin bu müalicə üsulu əməliyyat, bədbəxt hadisələr və qəzalardan sonra reabilitasiya dövrü, xroniki ağrılar, nevroloji və tənəffüs pozulmaları kimi vəziyyətlərdə də yardım edir. Bundan əlavə, fizioterapiya üsulları ürək-damar, şəkərli diabet və insult kimi bir sıra xəstəliklər və piylənmənin profilaktikası kimi də tətbiq olunur.
Müasir dövrdə fizioterapiya tibbin əvəzolunmaz sahəsidir. Oturaq iş və daimi streslər əzələləri gecə-gündüz gərgin vəziyyətdə saxlayır. Zaman keçdikcə narahatlıq hissi və kəskin ağrılar yaranır. Fizioterapevtlər qamət problemlərini həll etməyə, xəstəliklərin bəzi fəsadlarını aradan qaldırmağa, zədələnmiş əzələləri tədricən bərpa etməyə, baş və sümük ağrılarının qarşısını almağa yardım göstərir, gərginliyi azaltmağa və orqanizmi xoşagəlməz xəstəliklərdən qorumağa kömək edirlər.