Azərbaycan Müdafiə Nazirliyi brifinq keçirib – YENİLƏNİB
İNFONEWS xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin genişmiqyaslı təxribatı barədə ətraflı məlumat verib.
O bildirib ki, Ermənistanın təxribatlarına cavab olaraq əks tədbirlər lokal xarakter daşıyaraq atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlib: “Ermənistan bu kimi əməlləri ilə, həmçinin Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür. Ermənistan kütləvi informasiya vasitələrində və sosial media seqmentində Azərbaycanın Ermənistanın ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyil. Regionda təcavüzkar və işğalçı dövlət Ermənistan Respublikasıdır. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu hələ də davam edir. Azərbaycan Ordusu Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır”.
Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin başlıca səbəbidir. Buna görə də məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.
Ermənistan tərəfindən guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bunların hamısı Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır. Ermənistanın təxribatlarına cavab olaraq əks tədbirlər lokal xarakter daşıyır və atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlib. Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakter daşıyaraq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır.
A.Eyvazov xatırladıb ki, mülki obyektlərin və günahsız insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin tətbiq etdiyi standart hərbi metodologiyadır. Otuz illik işğal dövründə və 44 günlük Vətən müharibəsində məhz Ermənistan tərəfi ballistik raketlər və kasetli bombalarla qəsdən və məqsədyönlü şəkildə Azərbaycan şəhərlərini və mülki əhalisini hədəfə alırdı. Bir daha bəyan edirik ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
02.46
Azərbaycan Müdafiə Nazirliyi brifinq keçirir.
INFONEWS xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin genişmiqyaslı təxribatı barədə ətraflı məlumat verir.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.