Bir qrup gözdən əlilliyi olan şəxslə görüş olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəylinin bir qrup gözdən əlilliyi olan şəxslə görüşü keçirilib.
Bu barədə “İNFONEWS”-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Prezident İlham Əliyevin həssas əhali qruplarına, o cümlədən gözdən əlilliyi olan şəxslərə xüsusi qayğısından bəhs olunub. Gözdən əlilliyi olan vətəndaşların sosial təminatının gücləndirilməsi, onların reabilitasiyası, rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar diqqətə çatdırılıb. Onlar üçün bir sıra güzəşt və imtiyazların tətbiq edildiyi bildirilib.
Qeyd olunub ki, Nazirlik tərəfindən gözdən əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya müavinətlə, həmçinin onlardan I dərəcə əlilliyi olanlar həmin sosial təminat növləri ilə yanaşı, Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Həmin sosial ödənişlərin də ötən dövrdə dəfələrlə artırılması təmin edilib.
Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində postmüharibə dövründə Vətən müharibəsi əlilləri də daxil olmaqla gözdən əlilliyi olan 52 şəxsə zəruri xidmətlər göstərilib.
Gözdən əlilliyi olan şəxslər üçün son illərdə Bakının Nərimanov rayonunda 132 mənzilli yaşayış binası tikilərək istifadə verilib. Postmüharibə dövründə isə 420-dən çox görmə məhdudiyyəti olan şəxs mənzillərlə təmin olunub.
Mütəmadi olaraq bu kateqoriyadan olan vətəndaşlarımızın məşğulluğu ilə bağlı görülən dəstək tədbirlərindən də bəhs olunub. Aktiv məşğulluq proqramlarının icrası zamanı gözdən əlilliyi olan şəxslərə də üstünlük verilir.
Sonra görüş iştirakçılarını maraqlandıran məsələlərlə bağlı müzakirələr aparılıb, onların rəy və təklifləri dinlənilib.