Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş silsilə konsertlər keçirilib

Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş silsilə konsertlər keçirilib

XXIII Türksoy Beynəlxalq “Opera Günləri” çərçivəsində Bursa (2022-ci il Türk mədəniyyəti paytaxtı)  Atatürk Merinos Konqress Mərkəzi və İzmir Dövlət Opera teatrında  dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş silsilə konsertlər keçirilib.
Bu barədə “İNFONEWS”-a Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri,  Respublikanın əməkdar artisti Əyyub Quliyev məlumat verib.
O bildirib ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Dövlət Opera Teatrları Birliyi, Şimali Kipr Mədəniyyət, Turizm, Gənclər və Ətraf Mühit Nazirliyi, Bursa və İzmir şəhərlərinin meriyalarının təşkilatı dəstəyi ilə baş tutan konsertlərdə Bursa Dövlət Simfonik Orkestri və İzmir Dövlət Opera Teatrının simfonik orkestrləri iştirak ediblər.  
Orkestrlərə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev rəhbərlik edib.
Azərbaycanın tanınmış bəstəkarı Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” ilə başlayan bütün konsertlər dinləyicilərin böyük marağına səbəb olub. Konsertlərdə türk dilli dövlətlərin tanınmış opera müğənniləri – Uralxan Seilbekova və Şınqıs Rasılxan (Qazaxstan/Astana Opera), Elgiz Beyşenbayev və Ataxan Aybek Ulu (Qırğızıstan/ Bişkek Opera), Burcu Sayın (Türkiyə/İzmir Opera Teatrı), Malika Normatova (Özbəkistan/Daşkənd Opera Teatrı), Eleonora Jorjoska (Şimali Makedoniya) və Həvva Özdəmiraq (Şimali Kipr) böyük uğurla təmsil ediblər.  
Ölkəmizi festivalda təqdim edən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti soprano Fatimə Cəfərzadənin  ifasında Fikrət Əmirov və Cüzeppe Verdinin ariyaları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Digər opera sənətkarlarının ifasında səslənən türk dünyasının görkəmli bəstəkarları – A.Madıbayev, A.Jubanov, L.Hamidi, M.Aşrafi, L.Pipkov,  A.Atabayev, K.Azizin əsərləri gecənin unudulmaz anlarından birinə çevrilib. Konsertin ikinci bölümündə isə artıq qərb dünyasının məşhur klassik opera nümunələri – C.Verdi, C.Puççini, F.Çilea, C.Rossini, P.Maskanyi və Ş.Qunonun əsərləri yerli dinəyicilərə təqdim edilib. Bədii hissədən öncə çıxış edən Türksoyun baş direktorunun müavini Bilal Çakıjı, Bursa şəhərinin merinin müavini Süleyman Çelik, Bursa Mədəniyyət İdarəsinin rəhbəri  Fətullah Bingöl və digər rəsmi şəxslər Opera Günlərinin türk dövlətləri arasında mədəni əlaqələrin inkişafındakı rolu və  Türksoyun daimi şurasının qərarı ilə 2022-ci ildə keçirilən  “Fikrət Əmirov ili” ilə bağlı layihələr barəsində geniş məlumat veriblər.

Həmin tədbirlər çərçivəsində konsertlərlə bərabər dahi bəstəkarın həyatının müxtəlif dövrlərinin əhatə edən foto sərgi də təşkil edilib. Konsertlərin sonunda azərbaycanlı dirijor və türk dilli dövlətlərin solistlərinə Türksoyun “Fikrət Əmirov-100” xatirə diplom və mükafatları təqdim edilib.

Qeyd edək ki, İzmirdən sonra festivalın növbəti konsertləri Şimali Kiprdə keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir