Tacikistanın nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib
Azərbaycanda səfərdə olan Tacikistan Respublikası Müdafiə Nazirliyinin Hərbi Kadrların Hazırlanması İdarəsinin nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.
Bu barədə “İNFONEWS”-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qonaqlara hərbi institutun tarixi və fəaliyyəti barədə brifinq təqdim edildikdən sonra hərbi təhsil sisteminin inkişaf perspektivlərinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.
Sonra qonaqlar Tacikistan Respublikasından Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alan kursantlarla görüşüb, onlarla söhbət aparıb və təhsilləri ilə maraqlanıblar.
Səfər proqramı çərçivəsində nümayəndə heyəti təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası, muzeyi ilə tanış olub, eləcə də tədris prosesini izləyib.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.