“Şəhidin bacı-qardaşı şəhid ailəsinin üzvü sayılmır”-Deputat
Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun şəhid ailəsi statusuna malik olmaması ilə bağlı məlumat yayıb. Valideyn himayəsindən məhrum olmuş şəhidimizin qardaşına bu cür münasibət göstərilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən deputat Razi Nurullayev bildirib ki, qanunvericiliyə əsasən, şəhidin bacı-qardaşı şəhid ailəsinin üzvü sayılmır:
“Bu baxımdan, Nazirlik doğru deyir. Lakin, qanunun bütün tələblərini Sənan Əhmədova tətbiq etmək etik və mənəvi cəhətdən düzgün olmaz. Çünki, onlar uşaqlar evində böyüyüblər. Səbuhinin şəhidliyindən sonra isə onun yaxınlarından təkcə qardaşı Sənan qalıb. Buna görə də, mənzil şəhidin qardaşı Sənan Əhmədova verilməlidir.
Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələni müvafiq dövlət orqanları ilə müzakirə etməlidir. Digər dövlət qurumlarının razılığı alındıqdan sonra şəhidimizin qardaşı mənzillə təmin edilə bilər. Mən əminəm ki, belə də olacaq.
Heç bir dövlət orqanı Səbuhi Əhmədova mənzil verilməsinə etiraz etməz. Bu məsələ sonunda müsbət həll olunacaq. Yəqin ki, bir az gözləmək lazımdır”, – deyə o qeyd edib.