UNEC-in Yaradıcılıq Mərkəzinin təşkilaşılığı ilə “20 Yanvar Şəhidləri Zəfərimizin təməli oldu” adlı tədbir keçirilib.
“İNFONEWS” xəbər verir ki, tədbirdə Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov 1990-cı ildə öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc, əliyalın əhaliyə qarşı törədilən qətliamdan, həmçinin bu qanlı cinayətin xalqımızın azadlıq eşqini söndürə bilməməsindən bəhs edib.
UNEC-in 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova 20 Yanvarın xalqımızın həm hüzn günü, həm də milli birlik, vətənpərvərlik, eləcə də müstəqillik uğrunda apardığı mübarizənin tarixi günü olmasını vurğulayıb. Kitabxananın hər zaman 20 Yanvar və xalqımızın bütün anım günlərinin unudulmaması və təbliği istiqamətində maarifləndirici tədbirlər keçirdiyini bildirib.
UNEC magistrı, Yaradıcılıq Mərkəzinin üzvü Aslan Əzimzadə babası – 20 Yanvar şəhidi Aslan Ağaverdiyev haqqında söhbət açaraq, onunla bağlı xatirələrini bölüşüb, həmçinin şəhid ailələrinə dövlət qayğısından danışıb.
UNEC İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəyli, UNEC Könüllüləri Təşkilatının sədri Orxan Vəliyev, Radio UNEC-in tələbə-redaktoru Cabbar Cəlilov 20 yanvar hadisələri ilə bağlı çıxışlar ediblər.
Sonda tədbir iştirakçılarına UNEC-in 24/7 Kitabxanasının təşkilatçılığı və Yaradıcılıq Mərkəzinin dəstəyi ilə ərsəyə gələn “Kitablar 20 Yanvardan danışanda” video-çarxı nümayiş etdirilib.