20 Yanvar xalqımızın mübarizə əzmini daha da alovlandırdı
“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi, şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan “Şəhidlərimiz bizim qürur mənbəyimizdir” adlı konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Mi-News”dan aldığımız məlumata görə, konfransı açıq elan edən Mingəçevir Gənclər Evinin əməkdaşı Zəminə Ədilova 20 Yanvar faciəsinin xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olunduğunu qeyd edib, Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizədə Şəhidlik zirvəsinə ucalan Qəhrəmanlarımızın bizim qəlbimizdə əbədi yaşayacağını bildirib.
Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli gənclərimizin vətənpərvər ruhunda böyüməsi və tərbiyələnməsində 20 Yanvar hadisələrinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib, həm 20 Yanvar, həm də Vətənimizin ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalan Qəhrəmanlarımızın qanının yerdə qalmadığını bildirib. Azərbyacan həqiqətlərinin dünyaya çatdırılmasının ilk rüşeymlərinin məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən İdarə rəisi bu gün bütün dünyanın xalqımızın və Ordumuzun gücünə şahid olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov Gülüstan və Türkmənçay müqavilələri ilə torpaqlarımızın Rusiya və İran arasında bölüşdürülməsinə, ermənilərin buraya köçürülməsi və uzun illik işğalın başlanmasının səbəblərinə toxunub. Azərbaycan torpaqlarında Böyük Ermənistan yaratmaq xülyası ilə yaşayan ermənilərin torpaqlarımızı işğal etməyə başladığını deyən Pərviz Məmmədov bundan sonra xalqımızın öz azadlığını əldə etmək üçün haqq səsini yüksəltdiyini, əliyalın, silahsız insanların içərisində erməni birləşmələrinin olduğu qruplar tərəfindən qətlə yetirildiyini vurğulayıb. Qarabağı görməyən və heç vaxt orada olmayan gənclərimizin könüllü olaraq hərbiyə yollanaraq 30 ildən artıq işğal altında olan ərazilərimizi geri qaytarmasını onların Vətənimizə, xalqımıza və milli-mənəvi dəyərlərimizə olan bağlılığı ilə əlaqələndirib.
80-ci illərin sonlarında SSRİ-nin dağılmasının qaçınılmaz olduğunu deyən Mingəçevir Gənclər Evinin direktor müavini Rüfət Qazızadə qonşu ölkələrlə yanaşı, Azərbaycanda da milli azadlıq hərəkatının başlandığını bildirib. 1990-cı ilin 20 Yanvar faciəsini milli azadlığa can atan xalqımızın mübarizə əzmini qırmaq üçün atılan addım kimi qiymətləndirən direktor müavini bu hadisənin xalqımızın mübarizə əzmini daha da alovlandırdığını və Azərbaycanın XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdiyini qeyd edib. Azərbaycan xalqının hər zaman ən çətin anlarda bir yumruq kimi birləşdiyini, sarsılmaz inamla irəli doğru addımladığını bildirən Rüfət Qazızadə vətənpərvər ruhda yetişən gənclərimizin və xalqımızın digər nümayəndələrinin mübariz ruhuna 44 günlük Zəfər yürüşümüzdə yaxından şahidlik etdiyimizi vurğulayıb.