Şuşada “Qarabağ mətbəxinin inciləri” kitabının təqdimatı olub
Şuşa şəhərindəki “N” saylı hərbi hissədə “Qarabağ mətbəxi inciləri” adlı tədbir keçirilib. “Şuşa İli” çərçivəsində keçirilən tədbir 20 oktyabr – Beynəlxalq Kulinariya Gününə və Azərbaycan Milli Kulinariya Assosiasiyasının, Dünya Kulinariya Təşkilatı ilə (WACS) əməkdaşlığının 30 illik yubileyinə həsr edilib.
“İNFONEWS” AZƏRTAC – a istinadən xəbər verir ki, Azərbaycan Milli Kulinariya Assosiasiyasının, Professional Kulinarlar Birliyinin və Azərbaycan Aşpazlar Gildiyasının üzvlərinin, əsgər və zabitlərin iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Elvin Əzizov hərbi hissədə təşkil olunan tədbirə görə təşəkkürünü ifadə edib, “Qarabağ mətbəxinin inciləri” kitabının müəlliflərinə və ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib.
E.Əzizov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışıb. Qarabağın tacı olan Şuşa şəhərinin işğaldan azad edildiyi 8 noyabr tarixinin ölkəmizdə Zəfər Günü elan olunduğunu qeyd edərək, bu günün tarixi əhəmiyyətini vurğulayıb.
Sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş qrant layihəsi əsasında hazırlanmış “Qarabağ mətbəxinin inciləri” kitabının təqdimatı olub.
Azərbaycan Milli Kulinariya Assosiasiyanın prezidenti Tahir Əmiraslanov çıxışında Vətən müharibəsində qazanılan şanlı Zəfərə, torpaqlarımızın, o cümlədən Şuşa şəhərinin işğaldan azad olunmasına görə Ali Baş Komandan İlham Əliyevə, ordumuza minnətdarlığını ifadə edib. Bildirib ki, işğaldan azad edilmiş ərazilərimizə təkcə Qarabağın əhalisi deyil, onun mətbəxi də qayıdacaq.
Diqqətə çatdırılıb ki, bu gün təqdimatı keçirilən “Qarabağ mətbəxinin inciləri” kitabı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş qrant layihəsi əsasında hazırlanıb. Kitabda Qarabağın müxtəlif bölgələrinin mətbəxi öz əksinə tapıb.
Tahir Əmiraslanov kitabın ilk nüsxəsini hərbi hissəyə təqdim edib.
Hərbi hissənin aşpazlarına Qarabağ mətbəxi üzrə usta dərsləri keçirilib, onlara sertifikat və diplomlar verilib. Həmçinin hərbi hissəyə dəstəkləyici şirkətlərin hədiyyələri təqdim olunub.
Tədbir çərçivəsində Şuşadakı əsgər və zabit heyətinə Qarabağ mətbəxi yeməkləri hazırlanıb. Qonaqlar hərbi qulluqçularla birliklə nahar edib, kükü, balva, Şuşa plovu, Bərdə nanı və Qarabağ kətəsinin dadına baxıblar.
İştirakçılar Şuşa şəhəri ilə tanış olub, Cıdır düzündən açılan əsrarəngiz mənzərəni seyr ediblər.
Azərbaycan Milli Kulinariya Assosiasiyanın prezidenti Tahir Əmiraslanov qeyd edib: “Qarabağ mətbəxinin inciləri” kitabını ilk olaraq Şuşa şəhərində xidmət edən əsgər və zabitlərimizə hədiyyə etdik. Bundan sonra kitabın təqdimatları geniş miqyasda həm Azərbaycanda, həm də xarici ölkələrdə keçiriləcək. Biz qərara aldıq ki, təqdimatı əsgərlərimizlə başlayaq. Qarabağı bizə qaytaran hərbçilərimizə və Ali Baş Komandanımıza dərin minnətdarlığımızı bildiririk. Şəhidlərimizə rəhmət diləyirik. Bu kitab Qarabağın bütün bölgələrindən toplanıb. Qarabağın hər bir guşəsinin mətbəxi kitabda ayrıca əks olunub. Ümid edirəm ki, “Azərbaycan mətbəxində dolmalar. 381 çeşid”, “Azərbaycan mətbəxi”, “İrəvan xanlığının bölgə mətbəxi” kitabları kimi “Qarabağ mətbəxinin inciləri” kitabı da dünyanın ən yaxşı kulinariya kitablarından olacaq”.