İşğaldan azad edilən Xocavənd rayonu ərazisində təmir-tikinti işləri ilə məşğul olan işçilər tərəfindən insan sümükləri tapılıb. Ərazidə çalışan əməkdaşlardan biri rayonun Ərəkül kəndində insan skeletinin hissələrinə bənzər sümüklərə rast gəlib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) “102” qaynar xəttinə məlumat daxil olub. Məlumat daxil olduqdan sonra dərhal Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
“İlkin araşdırma zamanı məlum olub ki, sümüklər ərazidəki yağışlardan sonra baş vermiş torpaq sürüşməsi zamanı üzə çıxıb. Sümüklər həmin yerdən toplanaraq aidiyyəti üzrə ekspertizaya təqdim olunub”, – deyə o əlavə edib.
Qeyd edək ki, işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində sentyabr ayında daha bir kütləvi məzarlıq tapılmışdı. Məzarlıqda ölümündən əvvəl əlləri və ayaqları məftillə bağlanmış 12 nəfərin qalıqları aşkarlanmışdı. Həmin qalıqların azərbaycanlı hərbçilərə aid olduğu güman edilir.