Yəmənli jurnalist məqaləsini Müstəqilliyinin Bərpası gününə həsr etdi
Yəmənli jurnalist Əbdülhəmid Əl-Kibi “Tanmiya Press” agentliyinin saytında Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpasının 31-ci ildönümü ilə bağlı məqalə ilə çıxış edib.
“İNFONEWS” xəbər verir ki, məqalədə 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən sonra ölkənin müasir tarixində yeni bir dövrün başlandığı qeyd olunub. Müəllif diqqətə çatdırıb ki, müstəqilliyin ilk illərində qonşu Ermənistanın hərbi təcavüzü ilə qarşılaşan və ağır siyasi, iqtisadi və sosial böhran keçirən Azərbaycan xalqı təkidlə öz milli lideri, dahi siyasətçi Heydər Əliyevi hakimiyyətə dəvət edib. Məhz bundan sonra ölkədə dövlətçiliyin möhkəmlənməsi, iqtisadi inkişaf və müdrik diplomatiya dövrü başlayıb. Azərbaycan qısa müddətdə beynəlxalq aləmdə ən nüfuzlu dövlətlərdən biri və etibarlı tərəfdaş kimi tanınıb, mühüm transmilli enerji və kommunikasiya layihələri həyata keçirilib.
Məqalədə Prezident İlham Əliyevin prezidentliyi dövründə siyasi, iqtisadi və sosial islahatların daha da gücləndiyi, nəhəng enerji layihələrinin reallaşdığı, ölkədə demokratiya və insan azadlıqlarının təmin edilməsi sahəsində geniş islahatlar həyata keçirildiyi qeyd olunub. Yəmənli jurnalist vurğulayıb ki, bütün bu hərtərəfli islahatların və ölkənin qüdrətinin artmasının məntiqi yekunu 30 ilə yaxın Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin cəmi 44 gün ərzində azad olunması, qazanılan böyük Zəfər oldu. İndi qalib ölkənin azad və suveren torpaqlarında irimiqyaslı tikinti və quruculuq prosesi aparılır.
(AZƏRTAC)