“Suqovuşanda növbəti idman bayramı keçirilir”- Fərid Qayıbov
Suqovuşanda növbəti idman bayramı keçirilir. Qarabağda ilk beynəlxalq yarışa məhz mayda Suqovuşan ev sahibliyi edib.
“İNFONEWS” xəbər verir ki, bunu Suqovuşanda avarçəkmə üzrə “Mingəçevir reqatası-2022”nin açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir bildirib ki, beş aydan sonra biz yenidən Suqovuşana gəlmişik. Mayda təşkil olunan turnirdə beş ölkədən idmançılar iştirak edirdisə, hazırda 13 dövlətdən atletlər birincilik uğrunda mübarizə aparırlar. Bu, inkişafın göstəricisidir. İnanıram ki, gələcəkdə ölkələrin sayı daha çox olacaq. “Mingəçevir reqatası” artıq beynəlxalq təqvimə əlavə olunub.
F.Qayıbov qeyd edib ki, Qarabağda quruculuq işlərinin sürətlə davam etməsi bizi çox sevindirir. Məhz bu quruculuq işlərinin sayəsində idmançılar bu torpaqlarda güclərini sınamaq imkanı əldə edirlər. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının keçirdiyi iki turnirlə yanaşı, Şuşada velosiped və şahmat yarışları da təşkil olunub. Gələcəkdə işğaldan azad olunmuş ərazilərdə beynəlxalq turnirlərin sayı daha çox olacaq. Federasiyalar ilə birgə gələn ilin təqvim proqramı üzərində çalışarkən bunlar nəzərə alınacaq.