“Universitetin özəlliyi odur ki, öncə özünü, sonra tələbələrini yetişdirsin”

“Universitetin özəlliyi odur ki, öncə özünü, sonra tələbələrini yetişdirsin”

ÜLFƏT QƏZETİ

Azərbaycanda dövrün tələblərinə cavab verə bilən, seçdiyi fəaliyyət sahəsinə yeni düşüncə tərzi ilə yanaşmaq qabiliyyətinə malik mütəxəssislərə uzun illərdir ki, ehtiyac var. Aradan qaldırılması ən azı yaxın perspektivdə görünməyən bu ehtiyacın yaranma səbəblərini, həlli yollarını əksər ekspertlər, elm adamları təhsildə, xüsusilə əmək bazarına, necə deyərlər, açılan sonuncu qapı olan universitetlərdə təhsilin keyfiyyətində, səviyyəsində görürlər.

Bilik insanın dünyagörüşünü artırır, əqli inkişafını təmin edir. Əlavə olaraq müəyyən bir məsələdə biliyə yiyələnən insan axtardığı sualın cavabını tapandan sonra daxili rahatlıq, dinclik tapır və sairə. Biliyin faydaları burada sadalamayacağımız qədər çoxdur. Bütün bunlarla yanaşı, məlumdur ki, universitetlərdəki tədris olunan bilik əmək bazarına yararlı olmalıdır.

Bəs onda universitet təhsili bizə nə verir və nə verməlidir? Sadəcə, diplom əldə etmək üçün bu qədər il və maddi vəsait sərf etməyə dəyərmi? Elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı hansı addımlar atılmalıdır? Bu sualların yaranmasına səbəb isə indiki dövrdə diplom aldıqdan sonra hər hansı bir işə qəbul olmaq üçün yenidən əlavə imtahanlara və kurslara ehtiyacın olmasıdır. Yəni 11 il orta məktəbdən sonra əlavə olaraq 4 il də universitetdə təhsil alınır ki, müəyyən bir sahəni öyrənib iş əldə edə biləsən. 20-30 il öncə proses bu cür getdiyi halda, indi bu, elə də asan başa gəlmir. 

“Bilik də texnika kimi yeniliklərlə zənginləşməlidir. Vaxtilə çox qiymətli qəbul etdiyimiz  maşına  bu gün dəyər veririkmi? Xeyr. O zaman köhnə bilik daşıyıcıları yeni bilik sahiblərinə istiqamət verə bilərmi? Xeyr. Onlar ilk növbədə özləri təkmilləşməli, yeni çağ biliklərlə zənginləşməli, yeni çağırışlara uyğun dönüşüm etməlidir.  Bir insan heykəl kimi 50 il kafedrada qalırsa, orda inkişafdan söhbət gedə bilməz. 50 il ərzində bir insan yetişdirməyən, heç bir elmi məqaləsi olmayan, sadəcə, kafedra müdiri, dekan, rektor kimi fəaliyyət göstərirsə, əlbəttə, burada yenilik, təkmilləşmə gözlənilən deyil. Özü yetişməyən başqasını necə yetişdirsin axı… Universitetin özəlliyi odur ki, öncə özünü, sonra tələbələrini yetişdirsin”. Bu fikirləri iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirdi. Dedi ki, ABŞ, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə edir. Universitetlər təhsil-elm-istehsalat üçbucağı prizmasından qiymətləndirilir. Cəmiyyətdə artıq birmənalı olaraq qəbul edilir ki, praktika ilə əlaqəsi olmayan elm və təhsil, təhsil və elmlə əlaqəsi olmayan biznes mümkün deyil. Universitetlər təkcə təhsil mərkəzləri kimi deyil, həm də elmi-tədqiqat mərkəzləri kimi qəbul olunur və ixtisaslaşır. Burada təhsilalanları öyrətməklə yanaşı, müxtəlif istiqamətli və genişmiqyaslı elmi tədqiqatlar da aparılmalıdır. Modern ali məktəblərin məqsədi öyrətmək deyil, öyrənmək olmalıdır. Öyrənməsini bilməyən ali məktəblər, öyrədən müəssisə də ola bilməz. Ali məktəblər özünün öyrənmək metodunu tətbiq etsə, güclü universitetlər formalaşacaq.

Dünya sürətlə inkişaf edir. İnnovativ texnoloji imkanlar sürətli şəkildə genişlənir. Bu gün insanın görə biləcəyi işi robotlar əvəz edə bilir və həmin sahələrdən insan faktoru sıxışdırılıb çıxarılır. Bu, bütün dünyada gedən prosesdir. Türkiyənin Uluslararası Stratejik Yönetim ve Yöneticiler Derneği kurucu Başkan Yardımcısı Lütfihak Alpkan da bir neçə gün öncə deyirdi ki, əvvəllər ixtisas sayı 150  idisə, indi isə bu rəqəm 250-dir. Bu ixtisaslara uyğun kadrların hazırlanması tələb olunur. Bu gün maliyyə mühəndisliyi, vergi texnologiyası, menecmentlik və sairə yeni ixtisaslar yaranıb.  İndi, sadəcə, vergini öyrənmək kifayət etmir. Bu sürətli dəyişikliyə uyğun olaraq universitetlər də dəyişib inkişaf etməlidir. Dəyişiklik isə böyük məbləğdə vəsait tələb edir. Hansı universitetlər ki, təkmilləşməyə, yeniliyə maliyyə ayıra bilmir, köhnə standartlar çərçivəsində fəaliyyət göstərirsə, onlar əmək bazarının ehtiyaclarını qarşılaya bilmir.

Amma bunu da yekdil olaraq söyləmək mümkün deyil. Çünki hazırda özünü təkmilləşdirən universitetlər də var.

Hesab edirəm ki, qarşılıqlı əlaqələr inkişaf etməlidir. Yəni məşğulluq konkret  deməlidir ki, hansı sahələrdə ixtisaslı kadrlar çatışmır. Boşluq nədədir. Öz təkliflərini təhsil ocaqlarına təqdim etməlidirlər. Universitet ənənəvidir. Dünyada onların fəaliyyəti daimi dəstəklənir. Müəyyən bir sahəni öyrənmək üçün sertifikat yetərlidir, universitetə nə gərək var deyilməsin. Çünki ilk növbədə universitet  insan formalaşdırır, tələbəyə cəmiyyətdə ədalətli prinsiplər, insan haqları, hüquqları, ailə dəyərləri haqqında anlayış verir. Universitet dəyər deməkdir. Ona görə də universitetlərin inkişafını dəstəkləmək, gücləndirmək lazımdır. Hesab edirəm ki, burada iki istiqamətdə iş aparılmalıdır. Zəif universitetlər ya bağlanmalı, ya da güclülərə birləşdirilməlidir. Belə bir strategiya var. Güclü olanları daha da təkmilləşdirmək, böyük maliyyə ayırmaq lazımdır. Zəifləri isə güclülərə birləşdirmək lazımdır. Elə universitetlər də var ki, ümumiyyətlə, ayağa qaldırmaq, heç güclülərə birləşdirmək mümkün deyil. Onları isə tamamilə bağlamaq lazımdır. Müəyyən olunmuş kriteriyalar hazırlanmalıdır. Ali təhsil ocaqlarında sovet dövründən qalmış, bugünkü əmək bazarının tələblərinə cavab verməyən ixtisasları ləğv etmək lazımdır.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir