Azərbaycan tələbələri Beynəlxalq Nobel Festivalında iştirak edirlər
“Coca-Cola” şirkətinin dəstəyi, “SABAH” Qrupları, Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) və ADA Universiteti Fondunun tərəfdaşlığı ilə Azərbaycan gəncləri təhsil, elm və texnologiyalar forumu olan – Beynəlxalq Nobel Festivalında (“NobelFest”) iştirak edirlər.
“NobelFest” Avrasiya qitəsinin tələbələr üçün təşkil edilən və onlayn rejimdə keçirilən ən böyük elm, təhsil və texnologiyalar forumudur. Forum çərçivəsində dünyanın bir sıra tanınmış elm xadimləri, Nobel mükafatı laureatları, beynəlxalq biznes şirkətlərinin rəhbərləri onlayn foruma qatılaraq universitetlərdə tələbələrə müxtəlif mühazirələr oxuyur və maraqlı müzakirələrdə iştirak edirlər.
“İNFONEWS” xəbər verir ki, “Gələcəyin texnologiyaları” mövzusu altında keçirilən elm, təhsil və texnologiyalar sahəsində müasir trendlər, yeniliklər, qlobal və regional innovasiyaların müzakirə olunacağı festivalın rəsmi açılışı oktyabrın 26-da olub və forum noyabrın 4-dək davam edəcək.
“Coca-Cola”nın dəstəyi ilə təşkil olunan “NobelFest” artıq üçüncü ildir ki, keçirilir və Azərbaycan tələbələri bu forumda fəal iştirak edirlər.
Festivalın tərkib hissəsi kimi müxtəlif sahələri təmsil edən tanınmış alimlərin region universitetləri ilə görüşləri çərçivəsində “Coca-Cola” və “Azərkosmos”un dəvəti ilə tanınmış astrofizik Lorens Kraus Azərbaycanda səfərdədir. Alimin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərkosmos”un əməkdaşları ilə görüşləri, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universitetinin tələbələri üçün seminarları keçiriləcək.
“Coca-Cola” şirkətinin Orta Asiya və Qafqaz regionu üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Elşad Fərzəliyev tədbirin gənclər üçün xüsusi önəm daşıdığını qeyd edib: “Dünyanın qlobal şirkətlərindən olan “Coca-Cola” gənclərin inkişafına dəstək olan proqramlar həyata keçirir. “NobelFest” də belə proqramlardan biridir. Düşünürəm ki, dünyanın tanınmış alimləri ilə birbaşa ünsiyyət imkanı gəncləri elmi araşdırmalarında böyük nailiyyətlərə həvəsləndirəcək”.
Tədbir haqqında məlumat almaq və mühazirələri dinləmək üçün https://nobel-fest.inpolicy.net/ linkinə keçid edilməlidir.
(AZƏRTAC)