Qoy eşitsin bütün bəşər, millətimin zəfəridir BU ZƏFƏR – Mətanət Duyğulu
“İNFONEWS” Azərbaycandan uzaqda yaşayan, lakin qəlbi daima Vətənimizlə birgə çırpınan hörmətli şairəmiz Mətanət Duyğulunun “Bu ZƏFƏR” şeirini təqdim edir:
BU ZƏFƏR
Qoy eşitsin bütün bəşər,
Millətimin zəfəridir bu zəfər.
Sadalayıb birər-birər,
Deyim kimin zəfəridir bu zəfər.
Ölümün gözünə sızan,
Düşmənin nizamın pozan,
Öz qanıyla tarix yazan,
Şəhidlərin, zəfəridir bu zəfər.
Vətənə sağ solun verən,
Öz işıqlı yolun verən.
Əl, ayağın, qolun verən,
Qazilərin zəfəridir bu zəfər.
Şaxta sazağı bilməyən,
Bayrağına boyun əyən.
Qar üstündə gecəyən,
İgidlərin zəfəridir bu zəfər.
Sevinc əkib kədər dərən,
Gözlərini yola sərən.
Vətən üçün qurban verən,
Anaların zəfəridir bu zəfər.
Ah naləsi ürək dələn,
Saçın yolub yelə verən.
Toy-nişanı qara gələn
Gəlinlərin zəfəridir bu zəfər.
Gözü yaşlı bacıların,
Boynu bükük balaların,
Yarım qalmış arzuların,
Diləklərin zəfəridir bu zəfər.
Düz otuz il inildəyən,
Doğmalarını səsləyən,
Qara baxtım oyan deyən,
Qarabağın zəfəridir bu zəfər.
Odlar yurdu bir dövlətin,
Şir ürəkli bir millətin.
Doğruların ədalətin,
Bayrağının zəfəridir bu zəfər.
Ədalətə boyun əyən,
Dövlətimi dəstəkləyən,
Cani-dildən qardaş deyən,
Türkiyəmin zəfəridir bu zəfər.
Din qardaşım Pakistanın,
Ay-ulduzlu Türküstanın,
Turan adlı bir dastanın,
Haqq yolunun zəfəridir bu zəfər.
Cənnət kimi böyük məkan,
Hər bir kəsə dedirən can.
Odlar yurdu Azərbaycan,
Tarixinin zəfəridir bu zəfər.
Millətimin zəfəridir bu zəfər. (O6.11.2020)
Qeyd edək ki, Mətanət Duyğulu Süleymanova şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, hazırda ailəsi ilə Səudiyyə Ərəbistanının Jubail şəhərində yaşayıb, fəaliyyət göstərən, “Şanlı tarixin yolçuları”, “Bu sevdanın adı nə?”, “Nağıl dünyam”, “Payızda gələn bahar”, “Vətən daşı”, “Səssiz fəryad”, “Kərki talan bahar”, “Vətən daşı”, “Kərki talan yurdum” adlı kitablarının müəllifi olan soydaşımızdır.