AHİK tərəfindən Şəhid və Qazi ailələrinə bayram sovqatları göndərilib

AHİK tərəfindən Şəhid və Qazi ailələrinə bayram sovqatları göndərilib

Vətəndaşların qayğısına qalmaq, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq, həmçinin şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstəyi göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin güclənldirilməsi istiqamətində əhəmiyyətli işlər görülür.

Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər. Hər bir sahədə olduğu kimi, Heydər Əliyev Fondu bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə fərqlənir. Belə ki, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün bayram süfrələri təşkil olunur.

Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır. Həmkarlar ittifaqları dövlətimizin bu istiqamətdə bütün çağırışlarına adekvat cavab verir, həmçinin öz təşəbbüsləri ilə xeyirxah addımlar atırlar.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci il aprelin 29-da respublikanın 76 şəhər və rayonunda yaşayan 3900, 2021-ci il martın 17-də 3900, həmin il mayın 8-də 4 min, bu il martın 16-da 4065 şəhid ailəsi və qazi, həmçinin aztəminatlı ailələr üçün ərzaqla dolu avtomobil karvanları yola salınıb. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına orada yaşayan həmin kateqoriyadan olan ailələrə sovqat göndərilməsi üçün maliyyə vəsaiti ayırıb. Ümumilikdə bu günə qədər AHİK tərəfindən 20 minə yaxın aztəminatlı ailəyə ərzaq yardımı paylanılıb. Qarabağ Dirçəliş Fonduna 1 milyon 300 mindən çox, Azərbaycan Ordusuna Yardım Fonduna isə 1 milyon 800 min vəsait köçürülüb. O cümlədən şəhid və qazi ailələrinə ümumilikdə 4 milyon manatdan çox birdəfəlik yardımlar göstərilib.

“İNFONEWS” AZƏRTAC – a istinadən xəbər verir ki, bu nəcib missiyanın davamı olaraq noyabrın 5-də qarşıdan gələn Zəfər Günü ilə əlaqədar AHİK İcraiyyə Komitəsinin qərarına əsasən respublikanın 76 rayonunda yaşayan 4500 şəhid və qazi ailəsi üçün ərzaq dolu avtomobil karvanı yola salınıb. Həmçinin eyni məqsədlər üçün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 50 min manat vəsait ayrılıb. AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün bölgələr üzrə qeyd edilən kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.

Yardımların yola salınması mərasimində jurnalistlərə müsahibə verən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, ölkəmizdə Zəfər bayramı ilə əlaqədar həmrəylik yaşanır. Bütün dövlət orqanları, ictimai təşkilatlar, o cümlədən vətəndaşlarımız şəhid ailələrinin üzvləri ilə, qazilərlə, veteranlarla görüşür, qayğıları ilə maraqlanır, onlara sovqatlar təqdim edirlər. Onlar dövlətimizin qayğıları ilə tam əhatə olunublar. Demək olar ki, bütün ehtiyacları dövlət tərəfindən hərtərəfli qarşılanır. Bu da hər birimizə məlumdur ki, Azərbaycan öz şəhidlərinə ən ali qiyməti verən nadir ölkələrdəndir. Kimliyindən asılı olmayaraq, hər birimizin müqəddəs borcudur ki, Vətən uğrunda canından keçən oğul və qızlarımızı unutmayaq, onların valideynlərinə, həyat yoldaşlarına, yadigar qalan övladlarına dəstək olaq.

S.Möhbalıyev qeyd edib ki, həmkarlar ittifaqları şəhid ailələrinə və qazilərə mütəmadi olaraq dəstək verir. Onlara maliyyə yardımı göstərilir, şəhid övladlarının bir qismi himayəyə götürülüb, istirahətlərinin mənalı keçirilməsi, sağlamlıqlarının qorunması üçün yollayışlarla təmin edilir. “Bu gün qarşıdan gələn Zəfər bayramı münasibətilə 5500 ailəyə yardım göstəriləcək. Onlardan 1000 nəfəri Naxçıvandadır. Biz oraya vəsait köçürmüşük. 4500 şəhid ailəsi və qazi üçün sovqatlar yola saldıq. Əsas məqsədimiz əziz gündə onları yad etmək, maddi-mənəvi dəstək olmaqdır. Ötən gün biz AHİK tərəfindən övladları himayəyə götürülən şəhidlərimizin ailə üzvlərinin bir qismi ilə görüşdük, qayğıları ilə maraqlandıq. Bu, bizim hər birimizin müqəddəs borcudur. Çünki onlar əzizlərini bu Vətən, torpaq yolunda şəhid veriblər”, – deyə S.Möhbalıyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir