Günel Süleymanova: “Layihəmiz Azərbaycanda bir ilkdir”
Layihəmiz Azərbaycanda bir ilkdir. Həcər Əkbərova layihə rəhbəridir. Layihənin ərsəyə gəlməsində möhtəşəm bir komanda işi vardır. Həmçinin “Zəfər” xor qrupu üzvləri yalnız Şəhidlərimizin bizə qoyub getdiyi əmanətlərindən – övladlarından ibarətdir.
Bunu “İNFONEWS” -a Günel Süleymanova söyləyib. Günel xanım Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı, “Ailələrə dayaq” Xeyriyyə İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və marketinq üzrə rəhbəri və “Zəfər” xor qrupu layihəsinin koordinatorudur.
“Layihə çərçivəsində bir sıra maraqlı işlər görülüb. Bunlardan biri “Zəfər sədası” mahnısıdır ki, sözləri Baba Vəziroğluna, musiqisi Sevinc Tofiq qızına, aranjemanı isə istedadlı musiqiçi Tural Məmmədliyə aiddir. Klipimiz zəfərin ilk addımlarının atıldığı, Polad Həşimovun Şəhidlik zirvəsinə ucaldığı Tovuz rayonunda “Mənəvi dəyərlərin təbliği” fondunun maliyyə dəstəyi, rejissor Elçin Ağazadə tərəfindən ərsəyə gəlib. Çəkiliş zamanı hava şəraiti və yolun uzaqlığı ilə əlaqədar bir sıra problemlər yaşansa da, bu çətinlikləri komanda olaraq birlikdə aşdıq. Eləcə də, layihə rəhbəri Həcər Əkbərovanın, xormeyster Firəngiz Xəlilovanın əməyini xüsusilə vurğulamaq istəyirəm. Hal-hazırda yeni mahnı üzərində işləyirik. Mahnımız, demək olar ki, hazırdır. Bu dəfə də Baba Vəziroğlu yaradıcılığına mürəciət etmişik. Mahnının bəstəkarı isə Gövhər Həsənzadədir. Bu klipimizdə Azərbaycan və Türk Şəhid uşaqlarının birgə iştirakı nəzərdə tutulub. Qeyd etmək istərdim ki, hədəfimiz xorumuzun Azərbaycan sərhədlərini aşmasıdır”, – deyə Günel Süleymanova əlavə edib.
Günəl Süleymanova: “Bu layihənin mənim həyatımda çox böyük rolu var. Çünki layihə iştirakçıları Şəhid ailələrinın övladlarıdır. Və onlarla işləmək ikiqat sevgi tələb edir ki, sevgim, zəhmətim onlara fəda olsun. Eləcə də, onlardan bu sevginin qarşılığını duyub, hiss etmək mənim üçün çox sevindirici, olduqca önəmlidir. Məhz bu sevgi məni növbəti işlərə ruhlandırır. Bu gün dövlət tədbirlərində bizim uşaqların qatılması, bir çox əhəmiyyətli rəsmi tədbirlərə dəvətləri komandamızın uğuru deməkdir. Layihə çərçivəsində atalarının adını öz istedadları ilə yaşadan, böyük yaradıcılıq sərgiləyən Şəhid övladlarını dünyaya tanıtmaq ən əsas hədəflərimizdəndir. Və bu yolda bizə yardım göstərən, əməyi keçən qəhrəman Şəhidlərimizin ailələri, dəyərli xanımları başda olmaqla, hər kəsə təşəkkürümü bildirirəm.”