“Qobustan dünyası” jurnalının ikinci nömrəsi işıq üzü görüb

“Qobustan dünyası” jurnalının ikinci nömrəsi işıq üzü görüb

“Qobustan dünyası” jurnalının ikinci nömrəsi işıq üzü görüb.

“İNFONEWS” xəbər verir ki, jurnalın bu nömrəsi Qobustan abidələrinin tədqiqatındakı əvəzsiz xidmətlərinə hörmət və ehtiram əlaməti olaraq arxeoloq alimlər Cəfərqulu Rüstəmov və Füruzə Muradovaya həsr olunub.

Oxucular bu nömrədə jurnalın baş redaktoru Vəfa Hüseynovanın Cəfərqulu Rüstəmov və Füruzə Muradovanın həyat və elmi fəaliyyətlərindən bəhs edən “Qobustanın pərvanələri”, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin müəllifi olduğu “Qobustan başlanğıcı və zirvəsi”, Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi katibi Sabir Nəzirovun “Ecazkar tarix yadigarımız- Qobustan” sərlövhəli məqalələri ilə tanış ola bilərlər. Jurnalın “Miras” bölməsində Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğunun direktoru Cümalik Rəhimovun və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun böyük elmi işçisi Anar Babayevin məqalələri yer alıb. “Estafet” bölməsində oxucular müxbirimiz Səidə Musayevanın təqdimatında Xalq rəssamı, heykəltəraş, akademik Ömər Eldarovla müsahibə ilə tanış ola bilərlər. “Teatr dərdə dəvadır” deyən Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Xalq artisti, rejissor, teatr və kino aktyoru Cahangir Novruzovla müsahibə jurnalın “İlham mənbəyim Vətən” adlı rubrikasında təqdim olunur. Jurnalın “İncə sənətlər” bölməsində Azərbaycanın ilk milli zərgərlik brendi olan “Rəsm”in yaradıcısı Rəsminə Qürbətova ilə müsahibə yer alıb. “Yeddi gözəl” bölməsində Azərbaycanın müxtəlif profilli muzeylərindən seçilmiş eksponatlar haqqında məlumatlar verilir. “Mədəniyyət xeyriyyəçiləri” bölməsinin bu saydakı yazarı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovadır. Jurnalın növbəti “Multikultural və tolerant Azərbaycan” bölməsi talışlara həsr olunub. Oxucular professor, talış icmasının ağsaqqalı İmamverdi Həmidovun müəllifi olduğu məqalə vasitəsilə talışların etnik mədəni irsi və ədəbi-bədii yaradıcılığı ilə tanış ola bilərlər. Ali dərəcəli bərpaçı rəssam, Azərbaycan Respublikasının Əməkdar rəssamı Natiq Səfərovla müsahibəni jurnalın “Mütəxəssis məsləhəti” bölməsində oxuya bilərsiniz. Jurnalın ölkəmizin bölgələrinin mədəni potensialının təbliğinə xidmət edən “Gəzək qarış-qarış Azərbaycanı” adlı yeni bölməsi 2023-cü il üçün Türk dünyasının turizm paytaxtı seçilən Şamaxıya həsr olunub. “Muzeymaniya” bölməsində ilk azərbaycanlı dünya səyyahı, alpinist Fərid Novruzi dünya səyahəti ilə bağlı xatirələrini oxucularla bölüşüb. Fərid Novruzinin bölmədə yer alan “Vətən daşı” sərlövhəli məqaləsi Qobustan abidələrinə həsr olunub. Azərbaycanın ilk eşitməyən və danışa bilməyən modeli kimi tanınan Xaliq Məhəmmədzadə ilə müsahibə jurnalın “Yaradıcılıq əngəl tanımır” başlıqlı bölməsində oxuculara təqdim olunub. Dərginin bu sayının “Köşə yazarı” Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazovdur. Bölmədə təqdim olunan məqalə vasitəsilə oxucular 2021-ci ildə “Qastronomiya” mövzusu üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi Siyahısına daxil edilmiş Lənkəranın mətbəx mədəniyyəti ilə yaxından tanış ola biləcəklər.

Qeyd edək ki, “Qobustan dünyası” elmi- metodiki, populyar jurnalının bu nömrəsi Azərbaycan və ingilis dillərində nəşr olunub. Jurnal Azərbaycanın qədim və zəngin mədəni irsinin təbliğinə, mədəniyyət və incəsənət sahələri üzrə mütəxəssislərin, yaradıcı şəxslərin bilik və təcrübəsinin ictimaiyyətlə paylaşılmasına xidmət edir.

Jurnalın direktoru Vüqar İsayev, baş redaktoru Vəfa Hüseynova, redaktoru Sabir Nəzirov, art məsləhətçisi Səidə Musayevadır.

Jurnal dövri olaraq ildə iki dəfə nəşr olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir