Hesablama Palatası əməkdaşları Birgə Vyana İnstitutunda- TƏLİM
Hesablama Palatasının Hüquqi təminat və keyfiyyətə nəzarət şöbəsinin aparıcı məsləhətçisi Vüsal Quliyev, Ümumdövlət xidmətlərinin auditi şöbəsinin məsləhətçisi Cahandar Qədirov və Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin məsləhətçisi Nərminə İsayeva Avstriya Maliyyə Nazirliyi ilə Birgə Vyana İnstitutunun (JVİ) təşkil etdiyi “Dövlət Maliyyə İdarəçiliyi və İnzibati İslahatlar” mövzusunda kursa qatılıblar.
“İNFONEWS” -un əldə etdiyi məlumatına görə, JVİ-nin direktor müavini İmam Patrik COVID-19 pandemiyasından sonra kursun canlı şəkildə keçirilməsindən məmnun olduğunu bildirib və əhəmiyyətini qeyd edib. Daha sonra Albaniya, Azərbaycan, İran, Qırğızıstandan olan iştirakçılar ölkələrində keçirilən islahatlar barədə təqdimatla çıxış ediblər. Hesablama Palatasının nümayəndə heyəti öz təqdimatında ölkə haqqında ümumi məlumat verdikdən sonra Azərbaycanda keçirilmiş islahatlar, beynəlxalq reytinqlərdə ölkənin mövqeyi və Palatanın bu nailiyyətlərin əldə edilməsində rolundan bəhs ediblər.
Beş gün davam edən kursda Avstriya Federal Maliyyə Nazirliyinin, Parlamentin, Beynəlxalq Valyuta Fondunun və digər qurumların nümayəndələri Vergi İdarəçiliyi, Avstriya və Aİ perspektivində e-hökumət, inzibati islahatlarda Parlamentin rolu və digər mövzularda mühazirələr söyləyiblər. Hər bir mühazirə sual-cavab şəklində davam edib.
Kursun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Hesablama Palatasının əməkdaşları da daxil olmaqla kursda Türkiyə, Gürcüstan, Albaniya, Qazaxıstan, Özbəkistan, İran, Qırğızıstan, Slovakiya, Kosovo və digər ölkələrdən 24 nümayəndə iştirak edib.