“Ermənistan öhdəliklərini yerinə yetirməkdən yayınmağa çalışır” – NAZİR
Bu il Brüssel, Praqa və Soçidə yüksək səviyyədə keçirilən görüşlərdə hər iki tərəf bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qarşılıqlı şəkildə tanıdıqlarını təsdiqləyib. Mən Ermənistanın xarici işlər naziri ilə dövlətlərarası münasibətlərə dair ikitərəfli müqavilənin hazırlanmasını müzakirə etmək üçün 3 dəfə görüşmüşəm. Bu il noyabrın 7-də Vaşinqtonda keçirilən son görüşümüzdə biz bu məqsədlə danışıqları sürətləndirməyə razılaşdıq. Bu xüsusda, Azərbaycan artıq Ermənistana saziş layihəsi ilə bağlı şərhlərini təqdim edib.
“İNFONEWS” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Polşada keçirilən Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxışı zamanı deyib.
Azərbaycanın yanaşmasının aydın, ardıcıl və beynəlxalq hüquqa əsaslandığını söyləyən nazir deyib: “Təxminən 30 ilə yaxın heç bir rəsmi münasibətlərin olmamasından sonra tərəflər üçün dövlətlərarası münasibətlərin əsasını qoyan hüquqi qüvvəyə malik sənədi razılaşdırmaq təcili zərurət təşkil edir. Bu sənəd onların iki bərabər suveren dövlət kimi hüquqlarına zəmanət verməli və dövlətlərarası münasibətlər sferasına daxil olan ümumi maraq və ya narahatlıq doğuran bütün məsələlərin həlli üçün əsas yaratmalıdır.
İkitərəfli danışıqlarda dinamikanın artmasına baxmayaraq, Ermənistan-Azərbaycan dövlətlərarası normallaşma prosesinin sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması kimi 3 əsas istiqamətində irəliləyiş kifayət qədər məhdud olaraq qalır.
Hər üç istiqamətdə Ermənistan prosesə səmimi şəkildə qoşulmaqdansa, keçmiş imitasiya praktikasına sadiq qalır. Sülh gündəliyi ilə bağlı şifahi öhdəliklərə baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışır”.