İcra başçısı və millət vəkili Yasamal sakinləri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti görüş keçirilib.
“İNFONEWS” xəbər verir ki, sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Ülvi Quliyev, Rayon İdarələrinin rəhbərləri vətəndaşlarla bir araya gəliblər. Səyyar qəbul rayondakı 21 nömrəli tam orta məktəbin akt zalında keçirilib. Görüşdə Yasamal rayonunun sakinləri, rayon icra hakimiyyətinin əməkdaşları, Yasamal bələdiyyəsinin və xidmət sahələrinin nümayəndələri iştirak ediblər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri qarşılaşdıqları problemlər barədə səmimi danışmağa çağırıb.
Söz alan vətəndaşlar istilik borularının dəyişdirilməsi zamanı zədələnmiş asfalt örtüyünün bərpası, sosial yardım, səki və piyada keçidlərinin genişləndirilməsi, Vətən müharibəsi qazilərinin kredit borcunun silinməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qurumuş ağacların budanması, mənzil növbəsi və bir sıra sosial məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildiriblər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı cavablar verdi. Bir sıra məsələlər İcra başçısının göstərişi ilə yerindəcə öz həllini tapdı. Qəbulda sakinləri narahat edən problemlər dinlənildi, səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli istiqamətində müvafiq addımların atılması üçün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.
Görüşdə iştirak etmiş əməkdaşımız qeyd etdi ki:
“Görüş çox səmimi həyata keçirildi. Rayon İcra Hakimiyyətinin Başçısı cənab Elşad Həsənov şəxsən bütün müraciətləri səbrlə dinlədi və həlli istiqamətində müvafiq göstərişlər verdi. Elə bir məsələ olmadı ki, Elşad müəllim məsələni görməzdən gəlsin. Hər bir məsələ qaldırılan kimi məsul şəxslərdən məsələyə olan münasibət tələb olunur, bütün məsələlərin həlli məqsədi ilə müvafiq işlərin görülməsi istiqamətində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən göstərişlər verilirdi. Rayon sakinləri bir çox istiqamətlərdə müraciətlər səsləndirdilər. Sakinlər tərəfindən səsləndirilən fikirlərdən açıq şəkildə görünürdü ki, bu illər ərzində rayonda sistemli işlər həyata keçirilib. Görüşdə iştirak edən müharibə iştirakçısı anası var idi ki, onun bildirdiyi fikirlər çox diqqətimi çəkdi. Xanım öz çıxında Elşad müəllimin müharibədən sonra daim onlara dəstək olduğunu, oğlunun müalicələrinə lazımi bütün dəstəyi göstərdiyini, hətta dərmanlarının alınmasına belə köməklik etdiyini açıq şəkildə ifadə etdi. Xanım müraciət edərək oğlunun ölkədə fəaliyyət göstərən banklardan birinə kredit borcunun olduğunu, hazırda səhhəti ilə bağlı işləyə bilmədiyini və oğluna ödənilən “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünün isə bank tərəfindən həmin kredit borcuna yönəldildiyini, bank tərəfindən müntəzəm olaraq onlara zənglər, təzyiqlər olunduğunu, oğlunun polisə, məhkəməyə veriləcəyinin vurğulandığını bildirdi. Elşad müəllim məsələyə öz kəskin münasibətini bildirərək həmin kredit borcu ilə bağlı lazım olan bütün köməkliyin göstəriləcəyini bildirdi və bununla bağlı yerindəcə Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyevə müvafiq göstərişlər verdi.
Qeyd olunanlar deməyə əsas verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı cənab Elşad Həsənov öz xidməti vəzifəsinin icrasını Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıqlarına, məqsədyönlü və uğurlu siyasətinə uyğun həyata keçirir. Buna görə də fürsətdən istifadə edərək Rayon sakinləri adından Elşad müəllimə dərin təşəkkürümü bildirir, fəaliyyətində uğurlar arzulayıram.
Orxan Vəliyev“