Prezident İlham Əliyev: “Xarici şirkətlər Azərbaycana inamla böyük vəsait yatırırlar”

“İNFONEWS” xəbər verir.

Bugünkü mərasim ölkələrimizin müstəqilliyinin, suverenliyinin, iqtisadi potensialının möhkəmləndirilməsi üzrə çoxillik gərgin fəaliyyətinin nəticəsidir. Bu gün Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyasət barədə danışa bilən ölkələrdir. Təəssüf ki, artıq bu gün dünyada belə hallara az-az rast gəlirik.

Bu fikri Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə videokonfrans formatında keçirilən görüşündə söyləyib.

“Bizim ölkələrimiz özlərini tamamilə təmin edən ölkələrdir. Onlar istər beynəlxalq kreditlərdən, istər xarici köməkdən, istərsə də xarici təsirin hər hansı başqa formalarından və növlərindən asılı deyil. Bu ölkələr öz milli, mənəvi, əxlaqi ənənələrinə möhkəm sadiqdirlər. Bu, bizi irəliyə aparan əsasdır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Türkmənistanın və Azərbaycanın nisbətən gənc müstəqil dövlətlər olduğunu qeyd edən Prezident İlham Əliyev deyib: “Bizim müstəqil dövlətlərə çevrilməyimizdən hələ 30 il keçməyib, lakin bu illər ərzində çox böyük uğurlar qazana bilmişik. Məsələn, bu gün inamla irəliləyirik, sosial rifah, iqtisadi inkişaf, qlobal transmilli layihələr sahəsində çox mühüm məsələləri həll edirik. Ölkələrimiz investisiyalar üçün açıqdır. Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar. Ona görə ki, əmindirlər, onların vəsaitləri qorunacaq, bizim ölkələrdə siyasi sabitliyə əmindirlər, o da bu gün ən mühüm inkişaf amilidir. Sabitlik olmadan inkişaf mümkün deyil. Sabitlik tərəqqiyə, rifaha, investisiyalara, ən iri beynəlxalq şirkətlərin diqqətinə və bununla da ölkələrin beynəlxalq aləmdə rolunun, onların təsirinin möhkəmlənməsinə gətirib çıxarır”.

Azərbaycan Prezidenti bildirib ki, bu gün biz, sadəcə, Xəzərdə bir yataq haqqında Memorandum imzalamırıq, münasibətlərimizin gələcək uğurlu inkişafında çox mühüm addım atırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir