Prezidentin Azərbaycan memarlarının XX qurultay iştirakçılara MÜRACİƏTİ
Prezident İlham Əliyev Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına müraciət ünvanlayıb.
“İNFONEWS” xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli qurultay iştirakçıları!
Sizi Azərbaycan memarlarının XX qurultayının öz işinə başlaması münasibətilə ürəkdən salamlayır, hər birinizə cansağlığı və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Çoxəsrlik bir yol keçən və özünəməxsus dəst-xətti ilə hər zaman seçilən Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsində layiqli yer tutur. Sənətkarlarımızın klassik Şərq ənənə və prinsiplərinə sədaqətlə yaratdıqları misilsiz memarlıq inciləri dünya mədəni irsinin ayrılmaz hissəsi olaraq hər birimiz üçün qürur mənbəyidir. Bitkin kompozisiyalı bu abidələrin təbii və mədəni landşaftla unikal ahəngdarlığı heyranlıq doğurur.
Dövrün arxitektura üslublarını və milli memarlığın böyük təcrübəsini özündə birləşdirən uğurlu layihələr əsasında ötən müddət ərzində Azərbaycanda şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik qiymətli nümunələri meydana gətirilmişdir. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə memarlıq və şəhər quruculuğu sahəsindəki yeni təzahürlər modern üslublu tikililərin və monumental komplekslərin dizayn həllində özünü qabarıq göstərmişdir.
Qırx dörd günlük Vətən müharibəsində parlaq Zəfərin ardınca hazırkı ən ümdə hədəflərimiz – azad olunmuş əzəli yurdlarımızda bütün zəruri infrastrukturun sürətlə qurularaq həyatın dirçəldilməsi, xarabalığa çevrilmiş şəhərlərimizin, kəndlərimizin yenidən abadlaşdırılması və mədəniyyət yadigarlarımızın əvvəlki görkəminə qaytarılması Azərbaycan memarlığı qarşısında da təxirəsalınmaz vəzifələr irəli sürür.
İnanıram ki, aktual mövzularda geniş diskussiya və ətraflı fikir mübadiləsi aparılaraq, qurultayınızda qəbul ediləcək mühüm qərarlar ölkə memarlığının gələcək inkişafına öz töhfəsini verəcəkdir”.