Bərdə pambığın orta məhsuldarlığına görə öncüllər sırasındadır
Respublikanın ən iri pambıqçılıq rayonlarından olan Bərdədə məhsul yığımı yekunlaşmaq üzrədir. İndiyədək qəbul məntəqələrinə 33 min 529,8 ton “ağ qızıl” təhvil verilib.
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir ki, bu il rayonda 11 min 38,1 hektar sahədə pambıq becərilib. Pambıq əkinlərinin 4928,1 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 3640 hektarı “Azərpambıq” MMC, 7619,2 hektarı “P-Agro” MMC ilə müqavilə əsasında aparılıb. Bərdəli “ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun yığılması üçün səylə çalışırlar. Bu günə olan məlumata görə, rayon üzrə hər hektarın orta məhsuldarlığı 30,3 sentner təşkil edir. Bərdə bu göstərici ilə respublikada qabaqcıl rayonlar sırasındadır.
Qeyd edək ki, sovet dönəmində də Bərdə pambıqçılıq sahəsində respublikamızın ən qabaqcıl rayonlarından idi. 1981-ci ildə rayonda 28 min hektar pambıq tarlasından 126 min tona yaxın məhsul tədarük edilmişdi. Lakin 1990-cı illərdən başlayaraq bu sahəyə olan maraq azalmışdı. Dövlət başçısının tapşırıq və göstərişləri nəticəsində artıq rayonda pambıqçılıq yenidən inkişaf dövrünə qədəm qoyub. Rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi, bölgədə olan mövcud pambıq emalı zavodlarının potensialı pambıq istehsalını artırmaq üçün stimul yaradır.