Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir
“Ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq mexanizmin yaradılması” barədə əsassız çağırışlara gəldikdə qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək.
“İNFONEWS” xəbər verir ki, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin 2022-ci il 13 dekabr tarixli bəyanatına dair şərhində yer alıb. Şərhdə vurğulanıb ki, Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir. Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir.
Ermənistan tərəfi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı bəyanat və addımlara son qoymalıdır.