Tahir Mirkişili: “Ölkəmizdə İKT sektorunu sürətlə inkişaf etdirmək lazımdır”
“Azərbaycanda İKT mütəxəssislərinə tələbat 20 minin üzərindədir”
“İNFONEWS” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.
O bildirib ki, Azərbaycanda İKT sahəsində mütəxəssislərin hazırlanmasının sayının artırılmasın ehtiyac var: “Dünyada gedən proses belədir ki, İKT sahəsində fəaliyyət göstərən mütəxəssislər Avropadan ABŞ-a axın edir. Asiyada olan mütəxəssis Koreyaya axın edir. Bu axının qarşısında heç kəs, Avropanın özü də dura bilmir. Burada ən doğru addım daha çox mütəxəssis yetişdirməkdir. Azərbaycanda hər il bu sahədə 3500 kadr hazırlanır. Ölkəmizdə İKT sektorunu sürətlə inkişaf etdirmək lazımdır”.
Deputat eyni zamanda bu sahədə Belarus nümunə gətirib: “Xaricə ən çox mütəxəssis gedən ölkələrdən biri də Belarusdur. Belarusun universitetləri il ərzində 100-120 min mütəxəssis yetişdirir. Onlar düşünürlər ki, onun 10-15 mini ölkədə qalsa, bəs edir. Qalanları ölkədən gedə bilər. Biz buna nail olmalıyıq”.