Gənc sosial işçilər üçün təhsil proqramının 3-cü mövsümü davam edir
“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə gənc sosial işçilər üçün həyata keçirilən “Essentials of Social Work” təhsil proqramının üçüncü mövsümü davam edir.
“İNFONEWS” xəbər verir ki, bu barədə Birliyin Mətbuat xidmətindən bildirilib. 3 aylıq təhsil proqramı çərçivəsində indiyədək 30-dan çox təlim keçirilib ki, bu mövzulara “Sosial siyasət”, “Əlilliyi olan uşaqlarla sosial işin təşkili”, “Gənclərin hüquqlara çıxışı”, “Uşaq rifahının sosial işdə rolu” və s. aiddir. Təhsil proqramı müddətində iştirakçılar müxtəlif qrup işləri hazırlayaraq, öz biliklərini nəzəri və praktiki metodlarla artırırlar.
Ümumilikdə 75 akademik saatı əhatə edən proqram boyunca sosial işçi gənclər “Birgə və Sağlam” İctimai Birliyinin nəzdindəki Autizm Mərkəzi, “Azərbaycan Uşaqları” İctimai Birliyinin uşaq sığınacağı, Gənclər Təşkilatları Milli Şurası, Binəqədi Gənclər Evi və digər müəssisələrdə təcrübə səfərində olublar. Növbəti günlərdə daha 8 təlim və 5 təcrübə səfərinin keçirilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, indiyədək təlim proqramının ilk iki mövsümündə ümumilikdə 100-ə yaxın gənc proqramı uğurla başa vurub. Həyata keçirilən proqramın əsas məqsədi gənclərə təhsil müəsissələrindən əlavə olaraq qeyri-formal təhsil metod və prinsiplərinin öyrədilməsini təmin etmək, habelə bilik və bacarıqların artırılması yolu ilə keyfiyyətli gənclərlə işə nail olmaqdır.