Vətənə sadiq ömür- Şəhid Ruhid İslamlı
Qardaşım Ruhid İslamlı haqqında nə qədər danışsam, nə qədər yazsam da azdır. Heç ağlıma gəlməzdi ki, bir gün qardaşım haqqında bu şəkildə, xatirələrindən danışaram. Ruhid bir qardaş, bir övlad, dost, tələbə kimi çox fərqli idi. Diqqəti, səmimiyyəti, dürüstlüyü, balaca qəlbindəki böyük sevgisi ilə hər zaman, hər kəsə zaman ayıra bilirdi. Çox kövrək idi, heç kimin xətrinə dəymək istəməzdi. Heç kəs haqqında danışmazdı. Kimsə yanında danışsa belə “insandır, həyatda hər şey olar, niyə elə danışırsınız?” deyərdi.
Ruhid üçün uşaq yaşlarından ailə dəyərləri, Vətən hər şeydən üstün və önəmli yer tuturdu. Qardaşım yeni-yeni dil açdığı zamanlar idi. Havada təyyarə görəndə “Heydər baba, Heydər baba” deyə qışqırıb qaçar, şeirlər deyərdi. Artıq məktəb həyatına başlayıb ulu öndərimiz və tariximizi araşdırdıqca sevgisi daha da artırdı.
Xatırlayıram həmin dönəmlərdə məktəbli kitabçalarımızın arxasında qan yaddaşımız var idi. Anam torpaqlarımızın işğal olunduğu tarixləri əzbərlədirdi bizə. Ruhid öyrəndikcə “Ana mən böyüyüb torpaqlarımızı alacam” deyirdi. Uşaq da olsa oxuyub öyrəndikcə içindəki düşmənə nifrət hissi onunla birlikdə böyüyürdü.
Qardaşım uşaqkən nə zaman yemək yeməsə anam deyirdi: “Oğlum sən yemək yeməsən necə alacaqsan torpaqlarımızı? Yemək yeməlisən ki, böyüyəsən.” Bunu eşidəndə gəlib yeməyini yeyir, sonra qolunu göstərib “Ana bax gör gücləndim? Torpaqlarımızı ala biləcəyəm?” kimi suallar verirdi. Bunları xatırladıqca anlayıram ki, qardaşım hələ o dövrlərdən qəhrəman kimi böyüyürmüş.
Ruhid məktəb və universitet illərində də daha çox vətənpərvərliklə bağlı tədbirlərdə iştirak edirdi. Bu tədbirlərdə daim öndə olur, o qədər qürurla və sevgi ilə iştirak edirdi ki, izləyənlər qəhərlənirdi.
Ruhid İslamlı daha çox Şəhid ailələri ilə görüşür, onlarla yaxından maraqlanmağa və az da olsa anlamağa çalışırdı. Şəhidlərimizin həyatları haqqında oxuyur, filmlər izləyirdi. Bütün bunları edərkən də, sanki hiss edirmiş kimi ata-anamı, məni və yaxınlarını onsuz həyata hazırlamağa çalışırdı. Sanki sözlərini, cümlələrini elə seçirdi ki, istəyirdi onsuz zamanlarda da güclü olmağı bacaraq.
Qardaşım sonuncu doğum günündə (1 aprel 2020) öz yaxını ilə söhbəti zamanı deyib: “Heç şübhəm yoxdur ki, Allahın izni ilə bir gün gələcək, hər kəs mənimlə birlikdə qeyd edəcək bu günü.” İndi bu xatirələri can yanğısı, eyni zamanda qürurla bölüşmək mənim üçün çox ağırdır.
Yaxını danışır- “23 may 2019 tarixi idi. Söhbət edir, hər dəfə hansısa mövzu seçib, barəsində müzakirələr aparırdıq. Birdən Milli Qəhrəman Mübariz İbrahimov haqqında mövzu açıldı. Bir an üzümə baxıb dedi:
“Ona qarşı içimdə fərqli bir sevgi var. Hər Şəhidimizin həyatını öyrənirəm. Amma Mübarizin həyatı fərqli təsir edir səbəbini bilmədən. Ailələr üçün necə çətindir, hə əzizim? Gəl gör ki, bir şəkildə dayanırlar. Qürurla dayanırlar. Şəhidlik, həqiqətən, çox böyük zirvədir və hər kəsə nəsib olmur. Düşmənə nifrət hissi qəlbimi yandırır. İnanıram ki, gün gələcək qisas da alınacaq, torpaqlarımız da. Kiçikdən-böyüyə, yaşından asılı olmadan hər birimizdə izi qalacaq o illərin. İnsan unudarmı haqsızlığı, vicdansızlığı? Əsla! Üstəlik qanın türk qanıdırsa, 30 deyil 1000 il belə keçmiş olsun, Vətəninə, millətinə edilən haqsızlığı unutmazsan…”
Qardaşımın yoxluğunu hələ də qəbul edə bilməmişik. Bizim üçün çox ağırdır. Amma arzuladığı uca məqama çatdı. Sağlığında hər zaman onunla, həyata keçirdiyi işlərlə fəxr edirdik. Ağır da olsa, indi də qardaşımla qürur duyuram.
Ruhid Uğur oğlu İslamlı 1 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində anadan olmuşdur. Ailədə 4 nəfər olmaqla, 1 bacı və 1 qardaş olaraq böyüyüblər. 2000-ci ildə ailəsi ilə birgə Bakıya köçmüş və orada yaşamağa başlamışdır. 4 yaşından bağçaya, 2005-ci ildən isə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinifə daxil olmuşdur. 2011-ci ildən Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315№-li məktəbdə təhsilini davam etdirmişdir.
Təhsil aldığı müddətdə, hələ kiçik yaşlarından, cüdo, cuicutsso, teakvondo, güləş, qaydasız döyüş, üzgüçülük və bir sıra digər idman növləri ilə məşğul olmuşdur. İştirak etdiyi idman növləri üzrə müəyyən dərəcələr də almışdır. Regional və Respublika səviyyəli rəsmi dövlət yarışlarında öz çəkisində yarışmalarda iştirak etmiş, 1 və 2-ci yerlərə yiyələnmişdir. Qəhrəmanımız həmçinin hərbi yarışlarda da iştirak etmiş və müxtəlif dərəcələr almışdır. Özü də bir sıra yarışma, flashmob və s. təşkil etmişdir.
Ruhid hələ məktəb dövründə ikən öz yaşıdları arasında zəkası, səlis nitqi, sosial aktivliyi və ən əsası isə vətənpərvərliyi ilə seçilmişdir. Onun vətənə, millətə, dövlətə olan sevgisi hələ uşaq ikən onu bu tipdə, milli ruhda olan tədbirlərin həm iştirakçısı həm də təşkilatçılığı ilə məşğul olmağa sövq etmişdir.
Azərbaycan Respublikası Çempionatında muay-tay uzrə yarışda dərəcə almış və həmçinin beynəlxalq turnirlərdə də iştirak etmişdir.
2016-cı ildə Naxçıvan MR-nın Müəllimlər İnstitutunun Təhsildə sosial psixoloji xidmət ixtisasında təhsil almağa başlamışdır. II kursdan universitetdə YAP Gənclər təşkilatının sədri kimi fəaliyyətə başlamış, eyni zamanda Gənclər birliyinə də sədrlik etmişdir. Azərbaycan Maarifçilər Assossiysiyasının üzvü olmuşdur.
2018-ci ildə YAP-ın fəal gənc üzvü seçilmişdir.
2020-ci ildə ali təhsilini başa vurmuş, lakin diplomunu əlinə ala bilməmişdir.
29 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 2020-ci il 27 sentyabrdan etibarən gənc əsgər, bölüyündən könüllü şəkildə ərizə yazmış və torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılaraq rabitəçi kimi xidmətini davam etdirmişdir. 2020-ci il 6 oktyabr tarixində Suqovuşan istiqamətində gedən şiddətli döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olmuşdur. Şəhidimiz Bakı şəhər Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində torpağa tapşırılmışdır.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Ruhid Uğur oğlu İslamlı ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Şəhidin bacısı Fatma İslamlı