Əli Eyyubov musiqiçi ailəsində dünyaya göz açıb. 2007-ci ildə Bakıda anadan olsa da 2013-cü ildən valideynləri ilə birlikdə Türkiyədə yaşayır.
Özünün dediyi kimi, musiqiyə, xüsusilə klarnet ifaçılığı sənətinə marağı onda özü də mahir bir musiqi ifaçısı olan, Bakı Musiqi Akademiyasında ali təhsilə yiyələnən atası İlqar Eyyubov yaradıb. Əli qələm tutandan və musiqi duyumu yaranandan Əli müxtəlif musiqi alətlərində ifa etməyə səy göstərib. Ən çox xoşladığı musiqi aləti isə məhz klarnet olub.
Əli birinci sinfə Türkiyənin Ədirnə şəhərində Vali Fahri Yücel adına orta məktəbdə gedib. İbtidai sinfi bitirdikdən sonra o, Adanada Çukurova Universiteti Dövlət Konservatoriyasının orta məktəbinin nəfəsli alətlər şöbəsinin klarnet sinfinə daxil olub. Hazırda atasının Konservatoriyada müəllim işlədiyi sinifdə tədris etdiyi klarnet ixtisasından dərs alır. Beynəlxalq müsabiqələr qalibi olan Əli dəfələrlə musiqi yarışmalarına qatılaraq birincilik qazanıb. 2020-ci il 15-25 noyabr tarixlərində Rusiya Bəstəkarlar İttifaqının təşkil etdiyi beynəlxalq müsabiqədə Qran-pri mükafatına layiq görülüb.
Klarnet ifaçılığı bacarıq tələb edir
InfoNews Azərbaycan Müəllimi saytına istinadən bildirir ki, ona göstətilən etimadı doğruldacağına əmin olduğunu söyləyən Əli gələcəkdə məşhur klarnet ifaçısı olacağına da hədəf seçib. Deyir ki, klarnet ifaçılığı əslində nəfəs alətləri sırasında ən çətin olan, notlarla üfürülən havanın ahəngini düzgün müəyyənləşdirmək üçün bacarıq tələb edən ən mürəkkəb bir musiqi növüdür. Amma mən onun öhdəsindən gəldim və bacardım. Səylə çalışacağam ki, klarnet ifaçılığı sahəsində uğurlarım bol olsun və ancaq nailiyyətlərə imza atım.
Əlinin qardaşı Mehdi də mahir ifaçıdır
Yeri gəlmişkən, qeyd edək ki, Əlinin böyük qardaşı Mehdi də klarnet ifaçısı olaraq bir çox beynəlxalq müsabiqə və festivallara qatılaraq birincilik qazanıb. İstedadlı yeniyetmə klarnet ifaçısı olan Əlinin gələcəkdə milli musiqi tariximizdə öz imzası ilə tanınacağına və məşhur klarnetçi kimi seviləcəyinə ümid bəsləyirik.