Bakı Ali Neft Məktəbində “Qarabağın təbii sərvətləri” müzakirə olundu
Bakı Ali Neft Məktəbi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Qarabağın təbii sərvətləri” mövzusunda vebinar keçirilib.⠀
“ZOOM” platforması üzərindən keçirilən vebinarda Qarabağın zəngin təbii sərvətləri barədə geniş müzakirələr aparılıb.
Müxtəlif yerli, transmilli şirkətlərdən, təhsil müəssisələrindən, idarə və təşkilatlardan 700 nəfərin iştirak etdiyi vebinarda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Millət vəkili Sadiq Qurbanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev və Bakı Ali Neft Məktəbinin Neft-Qaz mühəndisliyi kafedrasının dosenti Qəşəm Zeynalov məruzəçi qismində çıxış ediblər.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxışında bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsinin əsas səbəblərindən biri də bu ərazilərin təbii sərvətlərlə, o cümlədən su, meşə, torpaq ehtiyyatları ilə zəngin olmasıdır.
Rektor qondarma Dağlıq Qarabağ rejimi tərəfindən qəbul edilən təbii sərvətlər və onun istifadəsinə dair bir çox fərman və sərəncamların təbii sərvətlərlin talanmasına xidmət etdiyini qeyd edib.
“Ümumiyyətlə, Dağlıq Qarabağ termini işlədilməməlidir. Bu terminin nə coğrafi, nə də, tarixi əsası var. Azərbaycanın Qarabağ bölgəsi deyilməlidir. Biz təklif edirik ki, hər bir ali məktəb öz profilinə uyğun olaraq istiqamətlər üzrə Qarabağın tarixini, turizim və logistik imkanlarını və.s məsələləri araşdırsınlar” – deyə E.Qasımov qeyd edib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Millət vəkili Sadiq Qurbanov milyardlarla ABŞ dolları gəlir gətirən mineral-xammal ehtiyatlarımızın ermənilər tərəfindən asanlıqla talan edildiyini qeyd edib.
O, faydalı qazıntıların talanı nəticəsində dəymiş zərərin məbləğinin dəqiq araşdırmalar nəticəsində müəyyən olunacağını bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev isə bildirib ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikası ərazilərində işğaladək olan dövrdə ehtiyatları təsdiq olunmuş 163 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən: 4 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 7 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları (obsidian, mərmərləşmiş oniks, yəşəm və s.), 10 mişar daşı, 21 üzlük daşı, 10 gil, 21 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 11 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 10 mineral su yatağı mövcud olub.
Xidmət rəisi Azərbaycan Respublikasının erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində ümumiyyətlə, 561 yataq və perspektivli minerallaşma sahəsinin müəyyən edildiyini diqqətə çatdırıb.
Vebinarda qeyd edilib ki, Azərbaycan Respublilasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, işğal olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycana vurduğu zərərlərin- vətəndaşların mülkiyyəti, infrastruktur, mədəniyyət abidələri və s. ilə yanaşı, həm də Azərbaycana məxsus təbii resursların qeyri-qanuni istismarı haqqında kompleks qiymətləndirilmə aparılır. Məqsəd talan siyasətini həyata keçirən düşmən ölkənin siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunması ilə bağlı bütün lazımi tədbirləri həyata keçirməkdir.
Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.