“ADA” Universiteti işğaldan azad olunmuş ərazilərə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək SİYASƏT

Azərbaycan Ali Baş Komandanın rəhbərliyi altında Vətən Müharibəsində qalib gələrək tarixi uğura imza atmışdır. Bu tarixi uğur eyni zamanda ölkəmizin gələcək inkişafı üçün yeni bir dövrün başlanğıcıdır. Məhz buna görə də, işğaldan azad edilmiş torpaqlarımızın bərpası və həmin yerlərdə hərtərəfli inkişafın təmin edilməsi prioritet vəzifələrdən biridir.

INFONEWS xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahı yaradılmışdır. Qərargahının nəzdində müxtəlif işçi qruplardan ibarət İdarələrarası Əlaəqləndirmə Mərkəzi fəaliyyət göstərir.

Bu işçi qruplarından biri olan Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupunun əsas fəaliyyət istiqaməti işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesi ilə bağlı elmi tədqiqatların və təhlillərin aparılmasıdır. İşçi qrupu müxtəlif elmi dairələr və tədqiqat mərkəzlərini təmsil edən tanınmış alimlərdən ibarətdir.

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad olunmuş ərazilərə qayıdışla əlaqədar məcburi köçkünlər arasında sorğular keçirilməsi və onların niyyətinin öyrənilməsi barədə müvafiq tapşırıq verdiyini bildirmişdir. Qarşıdan gələn dövrdə məsələ ilə bağlı ümumi rəyin müəyyənləşdirilməsi, həmin ərazilərə qayıdanların ehtiyaclarının, onların bərpa işlərində iştirak imkanlarının, sahibkarların işğaldan azad olunmuş ərazilərə cəlb edilməsi şərtlərinin öyrənilməsi məqsədi ilə, məcburi köçkünlər, habelə sahibkarlar arasında sorğuların keçirilməsi planlaşdırılır.

Qeyd olunan layihənin “ADA” Universiteti nəzdində yaradılan xüsusi tədqiqat qrupu tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə layihəyə universitetin akademik heyəti ilə yanaşı bir sıra nüfuzlu yerli və beynəlxalq beyin mərkəzləri və elmi tədqiqat institutları, habelə ayrı-ayrı tanınmış alim və mütəxəssislərin cəlb olunması planlaşdırılır.

Sorğuların keçirilməsi ərəfəsində və onların nəticələri ilə bağlı KİV-də və sosial mediada müvafiq məlumatlar mütəmadi şəkildə təqdim ediləcəkdir.

Tədqiqata hazırlıq məqsədi ilə ADA Universitetində keçirilmiş görüşdə universtitetin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi – Akademik və Təhsil məsələləri üzrə işçi qrupunun rəhbəri Emin Hüseynov və qrupun digər üzvləri iştirak etmişdir.

Görüşdə sözügedən sosioloji tədqiqatın həyata keçirilməsi ilə bağlı görüləcək işlər, sorğuların hazırlanması və aparılması zamanı diqqət yetirilməli olan məqamlar və digər aidiyyəti məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Yaxın zamanlarda müvafiq sorğuların keçirilməsinə başlanması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir