Son 3 ildə 600 minə yaxın şəxsə e-qaydada fərdi hesab açılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekton xidməti vasitəsilə 2022-ci ildə 212,6 min şəxsə proaktiv qaydada sosial sığorta nömrəsi (SSN) verilməklə e-fərdi şəxsi hesabları açılıb.
Bu barədə “İNFONEWS”-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
2020-ci ilin yanvar ayında istifadəyə verilən bu e-xidmət ilk dəfə işə başlayan şəxslə bağlı əmək müqaviləsi bildirişi e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik şəkildə SSN açılmasına imkan verir.
Ötən dövrdə həmin e-xidmət vasitəsilə 600 minə yaxın şəxsə sosial sığorta nömrəsi verilməklə proaktiv qaydada fərdi şəxsi hesab açılıb.
Bununla da onların sosial sığorta sistemində iştirakı təmin edilərək fərdi şəxsi hesablarında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamalarına şərait yaradılıb.