“20 Yanvar yaddaşlarımızdan heç bir zaman itməyəcək” – pedoqoq
Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 33 il ötür. Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçasının təlim tərbiyə işləri üzrə pedoqoqu Ərkinaz Vəlizadə Ağaquliyeva 20 Yanvar hadisələri ilə bağlı fikirlərini “İNFONEWS”-la bölüşüb.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet Ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Otuz üç il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək demişdi:
“20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itki olsa da, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır.”Ulu Öndərimizin dedikləri məhz bu gün artıq öz əksini tapmışdır! Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsini hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.
Qara Yanvar, Qanlı Yanvar, 20 Yanvar yaddaşlarımızdan heç bir zaman itməyəcək. Bu gün artıq bizlər qalib ölkəyik. Hər zaman da uğrumuzda canını qoyan şəhidlərimiz anılacaqdır.