“Ermənilər Qarabağdan çıxarılmasa Azərbaycan anti-terror əməliyyatlarına başlayacaq” – Politoloqdan PROQNOZ
“Azərbaycan yaxın 6 ayda Qarabağ ərazisindəki erməni silahlı qüvvələrinin tör-töküntüsünün çıxardılması üçün qarşı tərəfə qəti ultimatum verib. Əgər onlar oradan daşınıb çıxarılmasa Azərbaycanın anti-terror əməliyyatları başlayacaq”.
Bu sözləri sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Azərbaycan-Ermənistan münasibətlərindən, eyni zamanda sülh müqaviləsi ilə bağlı fikir bildirərkən deyib. Onun sözlərinə görə, ölkə prezidenti İlham Əliyev Yeni İl ərəfəsində jurnalistlərlə görüşdə bildirmişdi ki, Ermənistanın maksimum 2023-cü ilin sonuna qədər vaxtı var. Bu ilin sonuna kimi sülh müqaviləsi də imzalanmalıdı, sərhədlərin delimitasiyası da başa çatdırılmalıdır.
“Bir sözlə bölgəyə dayanıqlı sülh gətirilməlidir. Bəzi məsələlərdə ermənilər vaxt qazanmağa çalışacaqlarsa bu onların ziyanına olacaq. Zənnimcə bu prosesdə rus sülhməramlı qüvvələri də iştirak edir. Söhbət Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarının tanınmasından gedir. Bu olmayacaqsa, sülh müqaviləsi də olmayacaq. Bu şəraiti yaradan da Ermənistandır. Sülh müqaviləsinin danışıqlarından imtina edən də Ermənistandır”.
Siyasi şərhçi əlavə etdi ki, yeni bir isti müharibənin yaranması, tərəflərin yenidən döyüş müstəvisinə keçməsi hər iki tərəfdən arzulanan hal deyil. Xüsusilə bu, Ermənistana sərf edən variant deyil. Çünki qarşı tərəfin buna hərbi potensialı çatmır. Ona görə də sülhyaratma prosesi münasibətlərdə aparıcı xətt təşkil edəcək. Bu ilin sonuna kimi Azərbaycanla Ermənistan arasında mümkün sülhün əldə edilməsi dedikdə məhz bu amil nəzərdə tutulur”.
Sonda Q.Hüseynli bildirdi ki, artıq proseslərə ABŞ-da daxil olub. Avropa Birliyinin vasitəçiliyi ilə sülh danışıqlarının başlanması barədə hərəkətlər var. Güman edirəm ki, Paşinyan da sülh müqaviləsini bağlamaq istəyir. Çünki sülhün bağlanması Paşinyanın hakimiyyətdə qalmasını möhkəmləndirə bilər. Rusiya tərəfindən Paşinyanın hakimiyyətinə qarşı sui-qəsdləri var. Getdikcə də bu sui-qəsdlər daha real forma alır. Ona görə də Paşinyan bir müddət sonra sülh göyərçini kimi çıxış edəcəyini proqnozlaşdırmaq mümkündür”.
Oğuz Ayvaz