Kris Hipkins çərşənbə günü Yeni Zelandiyanın baş naziri kimi and içib və səlahiyyətlərinin icrasına başlayıb.
“İNFONEWS” xəbər verir ki, mərasimi “Television New Zealand” dövlət televiziyası canlı yayımlayıb.
Yeni Zelandiyanın general-qubernatoru Sindi Kiro andiçmə mərasimində müvafiq sənədləri imzalayaraq Hipkins və Karmel Sepuloninin müvafiq olaraq baş nazir və baş nazirin müavini vəzifələrinə təyin olunmasını təsdiqləyib. “Bununla təyinatınıza hüquqi qüvvə veririk, təbrik edirik”, – o, milli təhlükəsizlik və kəşfiyyat nazirinin portfelinin yeni baş nazirə verilməsini də təsdiqləyərək deyib.
Mərasimdən sonra Hipkinsin Yeni Zelandiya Nazirlər Kabinetinin hökumətin qarşıdakı aylar üçün prioritetlərini müəyyən edəcək ilk iclasını keçirəcəyi gözlənilir. Daha əvvəl o, diqqətini son 32 ilin ən yüksək səviyyəsinə (7,2%) yüksələn inflyasiya ilə mübarizəyə və pandemiyadan sonra ölkə iqtisadiyyatının bərpasına yönəltmək niyyətində olduğunu qeyd edib.
Yeni Zelandiyanın 41-ci baş naziri olmuş 44 yaşlı Hipkins əvvəllər parlamentdə təhsil naziri, dövlət qulluğu naziri və Nümayəndələr Palatasının rəhbəri vəzifələrində çalışıb. 2019-cu ilin mart ayında ona əlavə olaraq COVID-19-a qarşı mübarizə naziri və səhiyyə naziri (2 iyul 2020-ci il) vəzifələri verilib.